2020-10-10 13:56

Nazirlikdən işğal altında məhv edilən təbii sərvətlərimizlə bağlı AÇIQLAMA

"30 ilə yaxındır ki, gözəl göllərimiz - Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Qaragöl kimi şirin su mənbələri işğal altında qalıb”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ermənilərin işğal altında saxladığı torpaqlarda 10 su anbarı var. Anbarların ümumi həcmi 631 milyon kub metrdir:

"Onlardan ən böyüyü olan "Sərsəng” su anbarıdır. Bu anbardan erməni işğalçıları ekoloji təzyiq vasitəsi kimi də istifadə edir. "Sərsəng” su anbarı Tərtər və Kəlbəcər rayonlarının ərazisində, Tərtər çayı üzərində 1976-cı ildə inşa edilib.

Anbarın ümumi həcmi 565 milyon kub metrdir. Anbarın tikilməsində əsas məqsəd Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax və Goranboy rayonlarının məhsuldar torpaqlarını suvarma suyu ilə, əhalini içməli su ilə təmin etmək olub.

Həmçinin, "Sərsəng” su bəndi üzərində Su Elektrik Stansiyası mövcuddur. Su Elektrik Stansiyası ölkənin enerji sektorunu ucuz alternativ enerji ilə təmin etməli idi. Su anbarının suyu qış vaxtı buraxılır.

Yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalır. Yayda isə insanlar su qıtlığına məruz qalır və səhralaşma nəticəsində torpağın deqradasiyası müşahidə olunur.

2015-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) faktaraşdırıcı missiyası ölkəmizdə olub. Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 2016-cı ilin 26 yanvar tarixində, 2085 nömrəli qətnamə qəbul edilib.

U.Tağıyeva qeyd edib ki, Azərbaycanın 261 min ha sahəyə malik ən məhsuldar meşə fondu Ermənistanın işğalı altında olub:

"İşğal olunmuş ərazilərdə meşələrin qırılması həmin ərazidə ekoloji tarazlığın pozulmasına və Cənubi Qafqaz regionunda ekoloji qəzaların yaranmasına səbəb ola bilər. Bütün bu fəaliyyət bir çox beynəlxalq konvensiya və qərarların kobud şəkildə pozulmasıdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 3.1-ci maddəsində açıq qeyd olunur ki, hər bir üzv dövlət (AR 1995-ci ildən qoşulub) indiki və gələcək nəsillər üçün mövcud iqlim sistemini və təbiəti qorumalıdır və buna görə konkret beynəlxalq məsuliyyət daşıyırlar. 

Bundan əlavə, Sərhəd sularının və ümumi göllərin mühafizəsi üzrə Helsinki Konvensiyası, Biomüxtəlifliyin qorunması üzrə Konvensiya və digər beynəlxalq müqavilə və sazişlərin pozulmasına görə məsuliyyət daşımalıdırlar”.
SON XƏBƏRLƏR


Yuxarı