2020-10-20 16:48

Rektor Elçin Babayev III Avrasiya forumunda iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Təhsildə Keyfiyyət Təminatı Müstəqil Agentliyinin (IQAA) ali təhsildə keyfiyyətin təmin edilməsi üzrə keçirdiyi III Avrasiya onlayn forumunda iştirak edib. Forum hazırda bütün dünyada təhsil sisteminin ən aktual problemlərindən biri olan "Pandemiya şəraitində məsafədən təhsil: tədris, təlim və qiymətləndirmə” məsələlərinə həsr edilib.

Forumda Azərbaycanla yanaşı, dünyanın 15 ölkəsindən (Avstriya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Misir, Qırğızıstan, Litva, Mauritius, Polşa, Rusiya, Sloveniya, Ukrayna, Özbəkistan və Estoniya və s.) 38 xarici təşkilatın nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan IQAA Müşahidə Şurasının sədri, professor, iqtisad elmləri namizədi Jaksıbek Kulekeyev mövcud pandemiya şəraitinin ali təhsilin inkişafı üçün yeni strategiyalar hazırlamaq, müasir təhsilin inkişaf mərhələsinə yenidən nəzər salmaq, yaxın gələcəkdə qarşıya hansı vəzifələrin qoyulacağını müəyyən etmək üçün əlverişli şərtlər ortaya çıxardığını deyib.

IQAA prezidenti Şolpan Kalanova forum iştirakçılarını salamlayıb, hər kəsə konstruktiv dialoq və effektiv qarşlılıqlı fəaliyyət arzulayıb.

BDU-nun rektoru Elçin Babayev forumda "Pandemiya şəraitində Bakı Dövlət Universitetində tədris prosesinin təşkili” adlı məruzə ilə çıxış edib. Rektor məruzəsində COVID-19 pandemiyası şəraitində Universitetdə tədrisin davamlılığının təmin edilməsi məqsədilə 2020-ci il 18 mart tarixindən başlayaraq "Microsoft Teams” platforması üzərindən onlayn tədris prosesinin başlandığını, həmçinin müəllim və tələbə heyətinin adıçəkilən platformaya inteqrasiyasının müvəffəqiyyətlə təmin edildiyini bildirib. Elçin Babayev BDU-da dərs prosesinin sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən "Microsoft Teams” platforması vasitəsilə həyata keçirildiyini də deyib. O, məruzəsində tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə BDU-nun məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupunun olduğunu nəzərə çatdırıb. Bildirib ki, BDU-da distant formada dərslərin əksəriyyətinin video qeydiyyatı aparılır, bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.

Rektor Elçin Babayev həmçinin dünyanın 15 ölkəsindən xarici nümayəndələrin iştirak etdiyi forumda bildirib ki, otuz ilə yaxındır ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin həmin torpaqlardan çıxması tələb edilib. Lakin indiyə kimi bu qətnamə yalnız kağız üzərində qalıb. Bu gün isə Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək məqsədilə haqlı savaş aparır, Azərbaycan əsgəri öz torpağında vuruşur, işğala məruz qalmış torpaqlarını düşmən tapdağından azad edir. Rektor Elçin Babayev forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına riayət edir, mülki əhalini hədəf almır. Oktyabrın 9-da Moskvada Rusiya-Azərbaycan-Ermənistan Xarici İşlər nazirləri arasında keçirilən görüşdə tərəflər arasında 10 oktyabr tarixindən müvəqqəti humanitar atəşkəs elan edildi. Lakin humanitar atəşkəs başlayandan yarım saat keçməmiş Ermənistan tərəfi atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın mülki əhalisini qəsdən hədəf alaraq ağır artilleriya zərbələrindən atəşə tutmağa, təxribatlar törətməyə başladı. Cəbhə bölgəsindən uzaq olan rayonlara raket zərbəsi ataraq onlarla evin, dinc əhalinin həlak olmasına səbəb oldu. Sonda Elçin Babayev bir daha forum iştirakçılarının nəzərinə Qarabağın Azərbaycan ərazisi olduğunu çatdıraraq, bildirdi ki, Azərbaycan haqq yolundadır və öz ərazi bütövlüyünü bərpa edir.

Məruzələr dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Forum işini plenar iclasla və sessiyalarla davam etdirib.

SON XƏBƏRLƏR


Yuxarı