2021-03-03 11:49

“Şahdəniz”dən hasil edilən kondensatın satışından gəlirlər 20 dəfə azalıb

Bu ilin yanvar-fevral ayıarı ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağından hasil edilən kondensatın satışından əldə olunan gəlirlər bir il ərzində 19,5 dəfə və ya 65,462 mln ABŞ dolları azalaraq 3,538 mln ABŞ dolları təşkil edib.

Bu barədə "Report" Azərbaycan Dövlət Neft Fonduna istinadən məlumat verib.

"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neftin satışından əldə olunan gəlirlər isə ötən ilin iki ayının göstəricisi ilə müqayisədə 430,457 mln ABŞ dolları və ya 42,8 % azalaraq 574,543 mln ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral aylarında AÇG-dən əldə edilən gəlir 1 005 mln. ABŞ dollar, "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 69 mln. ABŞ dolları təşkil edib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), "MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən "Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), "Equinor” (7,27 %), "ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.
SON XƏBƏRLƏR


Yuxarı