2021-03-03 19:46

Azərbaycan-Türkiyə əməkdaşlığı hər sahədə olduğu kimi maddi-texniki sahədə də davam edir

Eyni soykökə, eyni dinə, mədəniyyətə malik Azərbaycan və Türkiyə arasında olan sıx münasibətlər bu gün hər iki ölkə rəhbərlərinin yürütdüyü məqsədyönlü və uğurlu siyasət nəticəsində bu gün ən yüksək səviyyəsinə çatmışdır. Bu münasibətlər artıq bir sıra sahələrdə yeni müstəviyə keçməkdədir. Qardaş ölkə Vətən Müharibəsi zamanı siyasi, mənəvi və diplomatik dəstəyi ilə hər zaman yanımızda olmuşdur. Bakıda keçirilmiş "Zəfər paradı”nda Azərbaycan və Türkiyə hərbiçilərinin birgə iştirakı dostluğumuzun möhkəmliyinin və əbədiliyinin bariz nümunəsidir.

Türkiyə nəinki Vətən Müharibəsi dövründə, eləcə də müharibədən sonrakı dövrdə də ölkəmizə öz 
dəstəyini göstərməkdədir. Bu gün qardaş ölkə ilə maddi-texniki əməkdaşlıq sahəsində də əlaqələrimiz sıx şəkildə davam etdirilir. Belə ki, Türkiyədən alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi artıq ölkəmizə gətirilmışdır. 

Yeni alınan müasir texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilmişdir.

Postmüharibə dövrü üçün Dövlət Başçısının müəyyən etdiyi hədəflərdə işğaldan azad olunmuş ərazilərin bərpası ən önəmli məslələrdən biridir. Azad olunmuş ərazilər inkişafımızın aparıcı qüvvəsinə çevriləcəkdir. Qarabağın işğaldan azad edilməsi, həmin yerlərə sərmayə qoyulması üçün yeni imkanlar açmışdır. Bu da öz növbəsində iqtisadiyyatımızın daha da şaxələnməsinə gətirib çıxaracaqdır.
Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə, qonşuluq məsələlərində, iqtisadi əməkdaşlıq sahəsində balanslı, düşünülmüş, mehriban münasibətlər saxlamaqla materikə, regiona yeni dividentlər təklif edir. Belə ki, işğaldan azad edilmiş torpaqlarda kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması region üçün səmərəli imkanlar yaratmışdır. 

Digər ölkələr kimi Ermənistanın da bu təklifləri, təşəbbüsləri qiymətləndirməsi üçün düşünməsi, reallıqları düzgün müəyyənləşdirməsi vacibdir. Heç şübhəsiz ki, düzgün dəyərləndirmə olacaqsa səfalət vəziyyətində olan bu dövlət proseslərdən müsbət mənada öz payını götürə bilər.


Əli Məmmədzadə
Neftçala şəhər sakini.

SON XƏBƏRLƏR


Yuxarı