2021-03-30 10:54

Azərbaycanda “Avro-5” standartına uyğun benzin istehsalı üzrə işlərə Türkiyə şirkəti də cəlb olunub - FOTO

Heydər Əliyev adına Neft Emalı Zavodunda "Avro-5” standartına uyğun benzin istehsalı üzrə yeni emal qurğularının quraşdırılması üçün sahə hazırlıqlarını Türkiyə şirkəti həyata keçirəcək.

Pressa-nın məlumatına görə, şirkət layihə üzrə tenderin qalibi olduğunu və layihədə iştirak haqqı əldə etdiyini açıqlayıb.

Layihə "ÜSTAY Construction Company” tərəfindən aparılacaq. Kompaniya Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa ediləcək "Prime G” vahidinin sahə hazırlığı işlərinə cavabdeh olacaq.

Layihə çərçivəsində qazıntı və dolğu işləri aparılacaq və yekunda ərazi hazır layihə halında Dövlət Neft Şirkəti - SOCAR-a təhvil veriləcək.

Xatırladaq ki, SOCAR və "Maire Tecnimont Group” yeni nəsil emal qurğuları barədə sazişlər imzalayıb. Həmin müqaviləyə görə əlavə qurğular tikilməli idi. Hazırda isə həmin tikinti üçün sahənin hazırlanması məqsədi ilə "ÜSTAY Construction Company” subpodratçı qismində cəlb olunub.

Qeyd edək ki, imzalanmış sazişlər çərçivəsində Heydər Əliyev adına Neft Emalı Zavodunda "Avro-5” standartına uyğun benzin istehsalı üçün lazım olan üç yeni emal qurğusunun quraşdırılması nəzərdə tutulur.

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu modernizasiya və yenidənqurma layihəsi çərçivəsində Maire Tecnimont S.p.A. qrupunun törəmələri olan Tecnimont S.p.A. və KT-Kinetics Technology S.p.A. şirkətləri ilə iki mühəndislik, təchizat və tikinti (EPC) sazişi imzalayıb.

Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.

SON XƏBƏRLƏR


Yuxarı