2019-07-21 11:29

Nümunəvi dövlət-din siyasətində Şeyxülislam zirvəsi

Bu gün əsasının Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğu uğurlu dövlət-din münasibətləri modeli Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və elə bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur.

Artıq bütün dünya Azərbaycanda mövcud dinlər arasındakı qardaşlıq, birgəyaşayış, multikultural və tolerant dəyərləri görür və qəbul edir. Ölkəmizdə həyata keçirilən dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas və fərqləndirici xüsusiyyəti odur ki, dindarlara və onların dini hisslərinə hörmət, tolerant və multikultural dəyərlərin qorunması, inkişafı sözdə deyil, əməldədir. Məsələn, ölkə rəhbəri İlham Əliyev milli-mənəvi dəyərlərin dirçəldilməsinə, həmçinin məscidlərin, ziyarətgahların, kilsələrin, sinaqoqların inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır, eyni zamanda, hər il müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı edir, ölkədə məscidlərlə yanaşı, digər dinlərin ibadət evləri təmir edilir və yenidən bərpa olunur, yaxud yeniləri tikilir.

Bu sahədə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində bugünədək təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə onlarla tədbir həyata keçirib, müxtəlif dini məbədləri bərpa edib.

Sadalanan faktlar bir daha göstərir ki, dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan dünyanın mənəvi dəyərlər mərkəzi olaraq tanınır.

Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Və bu nümunənin dünyaya təqdim edilməsində Şeyxülislam Allahşükür Paşazadənin şəxsiyyəti və əməyi danılmazdır. Bu il Şeyxülislamlıq fəaliyyətinin 40, anadan olmasının 70 illiyi tamam olan Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərib, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərib və göstərməkdədir.

Bu gün Azərbaycanın Cənubi Qafqazın dini mərkəzinə çevrilməsində Şeyxülislam A.Paşazadənin rolu böyükdür. Şeyxülislam Azərbaycan dövlət başçısının xüsusi önəm verdiyi və şəxsən dəstəklədiyi dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada yüksək səviyyədə təbliğ edir. Din-dövlət münasibətlərinin düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi sabitliyin qorunub saxlanılması işində fəal mövqe tutur. Allahşükür Paşazadə həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıdır. Bir Şeyxülislam kimi onun müasir Azərbaycan tarixində milli şüurun inkişafı və Azərbaycan dövlətçiliyinin qorunması yolunda danılmaz xidmətləri var. Allahşükür Paşazadə müstəqilliyimizin ilk illərində, çox mürəkkəb bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin dinə, milli-mənəvi dəyərlərə münasibətdə yürütdüyü müdrik siyasətin həyata keçirilməsində yaxından iştirak edib. Azərbaycanda müxtəlif konfessiyalar arasında nəinki dini dözümlülüyün, həm də əsl əməkdaşlığın, dərin dostluğun möhkəmlənməsinə kömək edən dini ab-havanın yaranmasında əməli fəaliyyəti ilə fərqlənib. Ölkəmizin müstəqilliyinin tanınması yolunda mühüm addım – Azərbaycanın İslam Konfransı Təşkilatına tamhüquqlu üzv qəbul olunmasında, dövlət-din münasibətlərinin düzgün məcraya yönəldilməsində, cəmiyyətdə dini-mənəvi sabitliyin qorunub-saxlanılmasında Şeyx həzrətlərinin rolu əvəzsizdir.

Şeyxülislam Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi olub. Həmçinin 1990-1995-ci illərdə Azərbaycan parlamentinə Naxçıvan seçki dairəsindən millət vəkili seçilib. Onun həm sovet, həm də müstəqillik dönəmində ali qanunverici orqanlarda millət vəkili kimi təmsil olunması xalqın öz din rəhbərinə olan yüksək etimadının göstəricisi kimi dəyərləndirilib. 1991-ci ilin dekabrında Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İKT - İslam Konfransı Təşkilatının (indiki adı ilə İƏT - İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edilib.

Bir vətəndaş, bir insan, bir dindar kimi Ulu öndər Heydər Əliyevin Şeyxülislama qarşı olan hörməti hər kəsə məlumdur. Məhz H. Əliyevin Allahşükür Paşazadə barədə söylədiyi fikirlər Şeyxülislamın şəxsiyyətini, insanlığını və aliliyini bariz şəkildə səciyyələndirir: "Müqəddəs dinimiz olan islamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Paşazadənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayış etdirdi”.

Ulu Öndər Heydər Əliyev Şeyxülislam Allahşükür Paşazadənin 1990-cı il Qanlı Yanvar hadisələrində xalqın yanında olmasını, çətin və ağır günlərdə xalqın ən böyük dəstəkçilərindən olmasını, Allahşükür Paşazadənin sovet dövlətinin başçısı Mixail Qorbaçova ittihamnamə ünvanlamasını, həmçinin BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına müraciətlər göndərərək imperiya siyasətini, bu qanlı cinayəti lənətləməsini hər zaman yüksək qiymətləndirib. Bu faktlar A.Paşazadənin bir insan, vətənpərvər kimi şəxsiyyətinin keyfiyyətini nümayiş etdirir.

Şeyxülislam kimi fəaliyyət göstərdiyi 40 il ərzində Şeyx həzrətləri istər Azərbaycanda, istərsə də regionda baş verən mühüm hadisələr zamanı hər zaman xalqın ən böyük dəstəkçisi, tərəfdarı olub. Onun milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, əcdadlarımızdan bizə əmanət edilən mübarək mirasa — İslam dininə daim sadiqlik nümayiş etdirməsi sahəsində fəaliyyəti bir daha onu deməyə əsas verir ki bu böyük şəxsiyyəti yalnız Azərbaycanın hərtərəfli inkişaf etməsi düşündürür. Şeyxülislam ölkəmizin dünya dövlətləri arasında ön sıralarda qərarlaşması, xarici ölkələrlə əlaqələrinin genişlənməsi istiqamətində öz səlahiyyətləri çərçivəsində daima yorulmaz fəaliyyət göstərir.

Biz Şeyxülislam şəxsiyyətinin böyüklüyünün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə görüşlər keçirməsində, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etməsində bir daha şahidi oluruq. Bir din xadimi, Vətəninin, xalqının təəssübünü, qayğısını çəkən insan kimi atdığı bu addımları ona böyük hörmət və nüfuz qazandırmışdır.

Şeyxülislam təkcə Azərbaycan xalqının deyil, bütün Qafqazın, o cümlədən beynəlxalq təşkilatların və qurumların dəyər verdiyi şəxsiyyətlərdəndir. Təsadüfi deyildir ki, mötəbər beynəlxalq konfransların yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı və multikultural münasibətləri ardıcıl təbliğ edən, xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirən Şeyx həzrətlərinin fəaliyyətinə dövlətimiz ilə yanaşı, beynəlxalq səviyyədə də qiymət verilib. SSRİ-nin "Xalqlar dostluğu”, Azərbaycanın "Şöhrət”, "İstiqlal” və "Şərəf”, Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir” və I dərəcəli "Sergi Radonejski”, İordaniya Krallığının I dərəcəli "Kral Hüseyn”, Çeçenistan Respublikasının "Millət qəhrəmanı” və "Çeçen qəhrəmanı” və sair orden və medalları ilə təltif olunan Allahşükür Paşazadə bir çox beynəlxalq miqyaslı tədbirlərin, elmi-praktik konfransların Bakıda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub.

"Şübhəsiz, Qafqaza dair məsələlərdə dini konfessiyaların ruhani liderləri mühüm rol oynayırlar. Sizin münaqişəli vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması naminə səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir...”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Şeyxülislamın şəxsiyyətinə və fəaliyyətinə verdiyi qiymət bir vətəndaş və azərbaycanlı kimi hər birimizi qürurlandırır.

Şeyxülislam Allahşükür Paşazadə SSRİ-nin bir sıra beynəlxalq və ümumittifaq miqyaslı təşkilatlarında Rəyasət Heyətinin üzvü olan yeganə din xadimi kimi təmsil olunurdu. O, Sovet Sülhü Müdafiə Komitəsinin (sədr akad. Y.Fyodorov), Sovet Sülh Fondunun (sədr A.Karpov), Sovet Uşaq Fondunun (sədr A.Lixanov), Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin (sədr M.İbrahimov), Xarici ölkələrlə dostluq və mədəni əlaqələr üzrə Sovet cəmiyyətləri Şurasının (sədr V.Tereşkova), SSRİ Ali Soveti Millətlər Şurasının (sədr R.Nişanov) rəyasət üzvü kimi tez-tez xarici ölkələrdə səfərlərdə olur, ölkənin siyasi və ictimai-mədəni həyatında fəal rol oynayırdı.

Sovet ordusunun Əfqanıstana qoşun yeritdiyi illərdə o, dəfələrlə Əfqanistana gedib oradakı siyasi və ruhani liderləri ilə şəxsən danışıqlar apararaq 200 nəfərdən çox müsəlman əsilli sovet əsgərlərinin əsirlikdən azad edilməsinə nail olmuş, sülhməramlı tədbirlərin bilavasitə təşkilatçısı və təbliğatçısı kimi şöhrət və nüfuz qazanmışdı.

Şeyxülislam A.Paşazadənin təşəbbüsü və İslam Konfransı Təşkilatının himayəsi ilə 1986-cı ildə Bakıda "Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirilib, konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak edib. Təşkilatçılıq qabiliyyəti yüksək dəyərləndirilən Şeyxülislam həzrətləri 1987-ci ildə Moskvada "Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun başçısı və həmsədri seçilib. 1988-сi ildə A.Paşazadə SSRİ-nin "Xalqlar dostluğu” ordeni ilə təltif olunur. Sovet dövlətinin yüksək mükafat və təltifatlarına baxmayaraq, Şeyxülislam həzrətləri vətəndaşlıq mövqeyini və azərbaycançılıq ideyalarına sədaqətini hər zaman ləyaqətlə nümayiş etdirib, bu münasibət özəlliklə 1989-cu ildə BMT-nin Cenevrədəki Millətlər Sarayında keçirilən 45-ci sessiyasındakı çıxışında öz əksini tapıb

Şeyxülislam Allahşükür Paşazadə milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifi kimi tanınır. Məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dönəmində yüzlərlə dini abidələrimiz həyata qaytarılıb, dindarların etiqad azadlığı və ibadət hüququ bərpa edilib. Şeyxülislam həzrətləri Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə, onun cəmiyyət baxımından daha əhəmiyyətli bir tədbirə çevrilməsinə nail olub. Artıq Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin (ə) xatirəsinə qanvermə aksiyalarında iştirak edən müsəlmanlar həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar. Belə ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır..

Bütün bu faktlar Şeyxülislam Allahşükür Paşazadənin 40 illik Şeyxülislamlıq fəaliyyətinə saldığımız kiçik bir nəzəriydi. Onun fəaliyyəti və şəxsiyyəti hər bir azərbaycanlı, vətənpərvər, milli-mənəvi dəyərlərlə əhatə olunmuş cəmiyyətimiz və xalqımız üçün təkrarolunmaz nümunədir.

Aytən Abdulova

Qeyd: yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi "İmam Rza” məscidi dini icması tərəfindən elan edilmiş "Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur.
SON XƏBƏRLƏR


Yuxarı