2019-08-07 15:35

Bu ilin birinci yarısında yol qəzalarında 342 nəfər ölüb

2019-cu ilin birinci yarısında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən Pressa-ya verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% çox yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2% artaraq 1087 nəfər olub. Onlardan 342-si ölüb, 745-i isə yaralanıb. Hadisələrin 46,3%-i gündüz, 36,5%-i gecə, 17,2%-i isə toran vaxtı baş verib, 29,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 89,7%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4% azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7% azalaraq 723 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 43,7%-i (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1%-i (0,7% çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2%-i (24,8% çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81%-ni, yaralananların isə 73,4%-ni kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 4 nəfər ölüb,  9 nəfər yaralanıb. Hadisələrin 66,7%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
SON XƏBƏRLƏR


Yuxarı