2019-10-14 08:54

Akademik Vasim Məmmədəliyev vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev 77 yaşında vəfat edib. 

Pressa-nın məlumatına görə, V.Məmmədəliyev axşam saatlarında dünyasını dəyişib. 

V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. O, 154 elmi əsərin, o cümlədən 21 monoqrafiyanın, dərsliyin, tərcümənin, 132 elmi məqalənin müəllifidir. Xaricdə 50-dən çox elmi əsəri dərc olunub. 

V.Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub.

V.Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.

2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilən V.Məmmədəliyev BDU-da Ərəb Filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!
SON XƏBƏRLƏR


Yuxarı