2019-10-14 09:03

Xüms nədir və necə verirlər?

İnsanın müəyyən şərtlər daxilində yiyələndiyi əmlak və ya puldan dini vergi kimi ödəməli olduğu beşdən-bir hissəyə xüms deyilir. "Xüms” sözünün ərəb dilindən tərcüməsi "beşdən-bir hissə” deməkdir.

Qurani-kərimdə xüms barədə buyurulur: "Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-biri ilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Mühəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdən-biri Allahın, Peyğəmbərin, Onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir” (Ənfal, 41).

Şiə və sünni məzhəbləri arasında xümsün hansı əmlaka şamil olduğu və hara xərcləndiyi mövzusunda fikir ayrılıqları vardır.

Cəfəri məzhəbinə görə, xüms aşağıdakı hallarda vacib olur:

İnsanın işləyib-qazandığı maldan və puldan bir il ərzində özünün və ailəsinin ehtiyaclarından artıq qalan hissənin xümsü verilməlidir. Əhli-sünnə məzhəblərinə görə, buna xüms şamil edilmir.

Cəfəri məzhəbinə görə, yeraltı mədənlərdən əldə edilən süxurların və qiymətli daşların miqdarı nisab həddinə çatarsa, xümsü verilməlidir. Əhli-sünnə məzhəblərindən hənəfiliyə görə, mədəndən əldə edilənlərin nisab həddinə çatması şərt deyil, hər bir halda xümsü ödənməlidir. Şafii, maliki və hənbəli məzhəbləri baxımından isə nisab həddinə çatmış mədən məhsulunun xümsü 40-dan-bir hissədir.

Cəfəri məzhəbinə görə, yerin altından tapılan xəzinə və dəfinələrin də nisab həddinə çatdığı təqdirdə xümsünü vermək lazımdır. Əhli-sünnə məzhəblərinə görə, dəfinə və xəzinənin nisab həddinə çatması şərt deyil, hər bir halda xümsü ödənilir. Yerdə qalan beşdən-dörd hissə dəfinənin tapıldığı torpağın sahibinə verilir. Əgər torpaq sahibsizdirsə, dəfinəni tapan adam beşdən-dörd hissəyə malik olur.

Cəfəri məzhəbinə görə, harama qarışmış və ayrılması mümkün olmayan halal malın xümsü ödəndikdən sonra bütün mal halal olur. Həmçinin, əhli-kitabdan olan şəxs bir müsəlmandan torpaq sahəsi alsa, onun xümsünü müsəlman dövlətinin qaydalrına uyğun olaraq ödəməlidir. Bu iki maddə əhli-sünnə məzhəbində yoxdur.

Suyun dibindən tapılan mərcan, mirvari kimi qiymətli daşların da qiyməti nisab həddinə çatsa, cəfəri fiqhinə görə, ona xüms düşər. Lakin əhli-sünnə məzhəbinə görə, xüms buna şamil edilmir.

Xümsün sərf edilmə qaydalarına gəldikdə isə cəfəri məzhəbi yuxarıdakı ayəni əsas tutaraq, xümsü iki hissəyə ayırır. Bunun bir hissəsi Allaha, Peyğəmbərə və onun qohumlarına aiddir. Bu məbləği hər kəs təqlid etdiyi müctəhidə (və ya onun nümayəndəsinə) verməlidir. Əgər müctəhid bu pulun hansı istiqamətlərdə xərclənməsini məsləhət görürsə, insan müctəhidin icazəsi ilə həmin məbləği o istiqamətlərdə xərcləyə bilər. Xümsün ikinci yarısı isə seyidlərə aiddir. Bunu da ya müctəhidə təqdim etmək, ya da onun icazəsi ilə seyidliyi məlum olan fəqirə və ya yetimə, yaxud yolda qalıb evə qayıtmağa pulu olmayan müsafirə vermək lazımdır (hər üç halda onun seyid olması şərtdir).

Əhli-sünnə məzhəblərinin məsələyə yanaşma tərzi fərqlidir. Hənəfi məzhəbinə görə, Peyğəmbər vəfat etdiyindən, onun payı öz qüvvəsini itirib. Bun görə də xüms bütünlükdə fəqir, yetim və yolda qalan müsafirlərə verilməlidir. Peyğəmbərin qohumlarına – seyidlərə gəlincə, onlar da xüms hüququnda seyid olmayan insanlarla bərabər tutulurlar; ehtiyacları varsa (fəqirdirlərsə), onlara da xüms payı verilə bilər. Malikilər xümsün dövlət başçısına (imama) təhvil verilməsini lazım bilirlər. Hənbəli və şafii məzhəblərinə görə, xüms 5 hissəyə bölünür. Peyğəmbərə aid olan hissə müsəlman icmasının ehtiyaclarına xərclənir. Peyğəmbərin qohumlarına aid olan hissə Bəni-Haşim soyunun nümayəndələrinə (varlı ya kasıb olmalarına baxmayaraq) verilir. Yerdə qalan üç hissə fəqirlər, yetimlər və yolda qalan müsafirlər arasında (seyid olub-olmamasına baxmayaraq) bərabər bölünür.

Müəllif: islam.az
SON XƏBƏRLƏR


Yuxarı