2019-10-30 14:01

"İnsanların inamı bizə yeni güc verir"

Azərbaycan davamlı inkişafda olan bir ölkədir. Dövlət iqtisadiyyatının inkişaf etdirilməsi, bunun əsasında insanların həyat şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə kimi bütün taleyüklü sosial məsələlərin yüksək səviyyədə həlli üçün bütün imkanlardan tam dolğunluğu ilə istifadə edir və bunu görməmək, dəyərləndirməmək ədalətsizlik olardı.

Azərbaycanın müasir dövrdəki intibahını dünya görür, ölkəmizə etibarlı, layiqli tərəfdaş kimi baxır. Hər il Azərbaycanın iqtisadiyyatına yüz milyonlarla manat həcmində investisiyalar yatırılır. Bunların hamısı öz yerində. Bizim ana yasamızın ilk cümlələrindən birində deyilir ki, Azərbaycan dövlətinin mənbəyi Azərbaycan xalqıdır. Tarix də sübut etmişdir ki, şərəfli keçmiş də, dinamik bu gün də, ümidli, gözləntili gələcək də... bir sözlə, vətənimizin tarixi həmişə, tam ardıcıllıqla xalqa və millətə bağlı olmuşdur. Bu mənada ölkəmizdə qazanılan hər bir uğurun şəriksiz müəllifi xalqımızdır. Hər şey xalqın iradəsindən asılıdır.

Qədim inanclarımızda isə belədir; Allah deyir, səndən hərəkət, məndən bərəkət. Deməli, cəmiyyətimizin həmişə yüksələn xətlə irəliləməsi, yuxarıda qeyd etdiyimiz davamlı inkişaf bizim hər birimizin baş verən, yaşanmaqda olan çağdaş intibaha verəcəyimiz töhfələrdən asılı olacaqdır, həm də əhəmiyyətli dərəcədə.

Yeri gəlmişkən, bu yaxınlarda Qaradağ rayonu ərazisində "Qobu Park-2" kompleksinin açılışı oldu. Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edirdi. Onun oradakı çıxışını diqqətlə dinlədim. Ölkə prezidentinin korporativ sosial məsuliyyətlə bağlı çağırışı düşünürəm ki, hər bir iş adamına, özəl şirkətlərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəsə hər şeydən öncə vətəndaşlıq borcunu xatırlatdı, ölkə qarşısında həm ictimai-ümumxalq, həm də fərdi öhdəliklər müəyyən elədi.

Azərbaycan dövlətinin sahibkarlıq fəaliyyətinə dəstəyi şübhəsiz ki, qadın sahibkarlığını da əhatə edir.

Beş ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Rəhbəri və təsisçisi olduğum iki özəl qurum - "Loqos" Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzi, həmçinin, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi (QHT) gələcəyimiz olan uşaq və yeniyetmələrin, bütövlükdə yetkin insanların mənəvi-psixoloji sağlamlığı üçün çalışır, ənənələrə sadiq qalaraq həm Bakıda, həm də bölgələrdə psixoloji maarifləndirmə işi aparır.

Başlanğıc mərhələdə məqsəd yalnız paytaxtda yaşanan psixoloji problemləri önləmək, nitq qüsuru olan uşaqlara xidmətdən ibarət olsa da, hazırda "Loqos" PNİM-in Bakı şəhərində beş - Yasamal, N.Nərimanov, Nizami, Binəqədi rayonları ərazisində, beş filial isə Gəncə, Lənkəran, Xaçmaz, Bərdə, Abşeron rayonlarını və onlara yaxın olan yaşayış məskənlərini əhatə etməklə bölgələrimizdə fəaliyyət göstərir. Başqa sözlə, hazırda on ünvanda əhaliyə yaş məhdudiyyəti qoymadan və üç istiqamətdə (psixoloji, psixopedaqoji, loqopedik) kompleks xidmətdəyik. Çoxşaxəli və kompleks xidmət yolunu seçən "Loqos" PNİM-in əsas prioritet məqsədlərindən biri dövlətin maarifləndirmə proqramlarında yaxından iştirak etmək və bu istiqamətdə cəmiyyətimizə daha faydalı olmaqdır. Demək olar ki, fəaliyyətə başladığımız ilk ildən Mərkəzin təcrübəli və peşəkar psixoloq, loqoped komandası davamlı qaydada bölgələrə səfərlər edir, hər rayonda insanların psixoloji durumunu dəyərləndirərək aktual mövzularda konfrans, seminar və təlimlər təşkil edirlər. Maarifləndirmə proqramlarında cəmiyyətin özəyi olan ailə-qadın və uşaqlar mövzusuna daha çox yer ayrır, tam həssaslıq və məsuliyyət hissilə yanaşırıq.

Davamlı olaraq həm Bakıda, həm də bölgələrdə müxtəlif istiqamətli sosial layihələrin icrası iş həyatımızın gündəlik reallıqlarıdır. "Ailədən başlanan gələcək", "Mənim ilk uğurum", "Mənim ilk təcrübə məktəbim", "Psixologiya Akademiyası: Uşaq", "Salam, ana", "Böyük addımlarla təhsilli gələcəyə", "Müasir Azərbaycan qadını" və s. bu qəbildən olan layihələrdir. Dırnaq işarəsi altında verilən, yalnız adları sıralanan bu tədbirlərin layihə başlıqlarının sadə səslənməsinə baxmayın. Biz bu çağırışların hər birində cəmiyyətimiz üçün aktual olan ən vacib məqamlara işıq salmağa çalışmışıq. Mövzuya novator yanaşma problemin hərtərəfli izahı, hər bir tədbirə ölkə üzrə ən tanınan insanların cəlb olunması bu layihələrə canlılıq, dərin mahiyyət aşılamış və dərhal da mətbuatın, cəmiyyətin diqqətini cəlb etmişdir.

Cəmiyyətə adaptasiya olunmaq, ətraf çevrə ilə ünsiyyət qurmaq, qabiliyyət və bacarıqlarını üzə çıxarmaq kimi həyati məqamlarda çətinliklə üzləşən, özgüvən əksikliyi yaşayan qadınlar üçün davamlı olaraq hər il həyata keçirilən "Müasir Azərbaycan qadını" layihəsinə qoşulan xanımların sırasının ildən-ilə çoxalması heç də təsadüfi olmayıb istiqamətin düzgün müəyyən edilməsi və prosesin peşəkarlıqla icrasından, idarə olunmasından qaynaqlanır.

Müasirliklə ənənələri birləşdirən "Loqos" PNİM xeyriyyəçilik missiyasını bir an belə yaddan çıxarmır. Mərkəzin bütün filiallarında davamlı olaraq maddi imkanı məhdud ailələrin uşaqları üçün ödənişsiz diaqnostikalar təşkil edilir, bölgələrdə yaş məhdudiyyəti qoyulmadan psixoloji dəstəyə ehtiyacı olanlar üçün ödənişsiz aksiyalar keçirilir. Şəmkir, Tovuz, Qazax, Ağstafa, Qəbələ, Şəki, Xaçmaz, Lənkəran, Astara, Biləsuvar, Neftçala, Bərdə, Ağdam və digər rayonlarda təşkil olunan ödənişsiz konsultasiyalardan yüzlərlə insan faydalanıb. Bu insanlar həqiqətən də bizim mütəxəssislərlə görüşlərə can atır, bizim dəstəyimizə güvənir və yolumuzu gözləyirlər. İnsanların inamı bizə yeni güc verir, xidmətin keyfiyyətini elmi əsaslarla yüksəltməyə ruhlandırır.

Bir məsələni xüsusi qeyd etmək istərdim. Ədalətsiz müharibənin ağrı-acısını hər kəsdən çox yaşayan qaçqın-köçkün soydaşlarımız, müharibədə itkin düşən insanlarımızın ailəsi, uşaqları həmişə diqqətimizdədir. "Loqos" mənəvi-psixoloji dəstəyə ehtiyacı olan hər kəsin yanındadır və inanın ki, belə bir yanaşma aktual görünmək xatirinə deyil, gördüyümüz işin əhəmiyyətini dərindən anlamaqdan irəli gəlir.

Vətəndaş cəmiyyətinin inkişafı üçün çalışan, insanların psixoloji sağlamlığına xidmət göstərən "Loqos" PNİM və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi də digər özəl qurumlar kimi Azərbaycan dövlətinin başçısı İlham Əliyevin insanların həyat şəraitinin yaxşılaşmasına, resbublikamızın hərtərəfli inkişafına yönələn bütün çağrışlarını, o cümlədən, korporativ sosial məsuliyyətlə bağlı onun tərəfindən irəli sürülən proqram və göstərişləri dəstəkləyir - həm də sözdə yox, gündəlik vicdanlı işi, ümumən götürüldükdə isə vətənə, onun insanlarına məhəbbəti, dövlət rəhbərinin apardığı siyasətin daha möhtəşəm uğurlar gətirəcəyinə dərin inamı ilə.

Təranə MƏMMƏDOVA
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, "Psixoloji Xidmət və Tədqiqatlar" İctimai Birliyinin sədri
SON XƏBƏRLƏR


Yuxarı