2019-11-06 13:05

Zavod direktoru: "Bəzi şprislərin mənşəyi məlum deyil"

"Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Heç kim şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır".

Pressa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib. Onun sözlərinə görə, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil:

"Azərbaycan istehsalı olan şprislərin içərisində uc hissədə qara rezin olmur. Qara rezin olanda həmin şprislər tam steril sayılmır. Yəni, 3 hissədən ibarət olan şprisin bir hissəsi - 30 faizi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər isə iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni, tibbi polimerlər deyil. Azərbaycan istehsalı şprislərdə isə tibbi xammaldan istifadə olunur". 

Direktor qeyd edib ki, şpris iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma" şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir:

"Artıq ölkədə 2, 5, 10 və 20 qramlıq şpris satışına başlamışıq. Bu günə qədər ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Bizim istehsal etdiyimiz şprislər Almaniyanın ən yüksək keyfiyyətli şprislərindən 30 faiz ucuzdur. Zavodun istehsal etdiyi şprislər hazırda ölkədəki apteklərdə satılan şprislərlə eyni qiymətdə olsa da, keyfiyyəti yüksəkdir. Bu ilin may ayından açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycan əhalisinin şprislərə olan tələbatını ödəyir" 

S.Hüseynova əlavə edib ki, əsas məqsəd yerli bazarı keyfiyyətli şprislərlə təmin etməkdir:

"Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Qarşıdakı illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması da nəzərdə tutulur. Zavodda tibbi kəpənəklər, sistem şlankları, tibb məhlulları, natrium xloridin hazırlanması da planda var".
SON XƏBƏRLƏR


Yuxarı