2019-11-12 13:30

Nazir parlamentin iclasında əhalini sevindirəcək proqnozlar səsləndirdi

2020-ci ilin dövlət büdcə layihəsi Azərbaycandan köklü iqtisadi islahatların davam etdirilməsinə xidmət edir. 

Pressa-nın məlumatına görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, büdcə tərtibində qlobal risklər nəzərə alınıb. 

Nazir bildirib ki, büdcənin tərtibində ölkənin makroiqtisadi proqnozları əsas götürülüb. 

S.Şərifov qeyd edib ki, gələn ilin büdcəsində sosial layihələrin davam etdirilməsi üçün nəzərdə tutulan məbləğ artırılıb. 

"2019-cu ildə artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, 4,2 milyon nəfəri əhatə edib.

Sosialyönlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.

2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəmi olaraq dörd milyard manat əlavə vəsait nəzərdə tutulub”, - deyə S.Şərifov əlavə edib. 

Nazir onu da qeyd edib ki, ölkədə yaşayış minimumu və ehtiyac meyarının artırılması gözlənilir. 

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib.

2019-cu il üçün isə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.

2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub. 2019-cu ildə isə bu rəqəm 143 manat məbləğində idi.


SON XƏBƏRLƏR


Yuxarı