2019-11-20 16:17

Robert Levandovski Rəşad Sadıqovu qabaqlayıb

Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.

Apasport.az-ın məlumatına görə, yerdəyişmələrə səbəb yığmaların iştirakı ilə bu həftə keçirilən görüşlərdir.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi, yığmadakı oyun sayında rekordçumuz olan Rəşad Sadıqovun mövqeyi də dəyişib. Komandanın sabiq kapitanı bir addım da geriləyib.

Bunun səbəbkarı Polşa yığmasının bombardiri Robert Levandovskidir. AVRO-2020-nin seçmə mərhələsinin dünən Sloveniyaya qarşı keçirilən matçı hücumçunun millidə 112-ci oyunu kimi tarixə düşüb.

Nəticədə polşalı siyahıda 247-268-ci yerləri bölüşən futbolçulara şərik olub. Bu qarşılaşmayadək R.Levandovski ilə eyni sayda – 111 oyun keçirən 
R.Sadıqov hücumçunu önə buraxmaqla barışıb. Nəticədə təmsilçimiz 269-278-ci yerlərə şərikdir. Müdafiəçi Qodfri Çitalu (Zambiya), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Careh Əl-Ətiqi (Küveyt), Hüseyn Əli Baba (Bəhreyn), İqor Akinfeyev (Rusiya), Alvaro Saborio (Kosta-Rika) və Armando Kuper (Panama) ilə eyni mövqeyi bölüşür.

Qeyd edək ki, siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.
SON XƏBƏRLƏR


Yuxarı