2019-12-01 00:47

Uşaqlar qorxudan necə azad ola bilər? - Psixoloq açıqlaması

Uşaqlar ilk dəfə qorxu duyğusu ilə hələ ana bətnində olarkən tanış olurlar. Ananın keçirdiyi stress, eşitdiyi yüksək səslər, şiddətli toxunuşlar körpənin ilk gərginliyi olur. Dünyaya göz açdıqdan sonra isə uşaqlar qorxunu iki cür yaşayırlar. 

Bunlardan birincisi inkişaf  xüsusiyyətləri olaraq qəbul edilən qorxulardır. Məsələn:
0-6 ayda uşaqlar anidən eşidilən yüksək səslərə və ya anidən hərəkət edən əşyalara qarşı həssasiyyət göstərə bilir. 7-12 ayda tanışmadığı insanlardan, 1-5 yaş qaranlıq mühitlərdən, heyvanlardan, ana və atadan ayrılma, 6-12 yaşda isə oğurlanmaq, qəza keçirmək və s. kimi qorxularla üz-üzə gəlirlər.

İkinci tipə aid olan qorxular isə uşaqların ətrafdakı insanlardan öyrənərək yiyələndiyi qorxulardır. Həssas və qorumağa üstünlük verən ailələrdə uşaqlar belə qorxularla daha çox rastlaşırlar. Bunlara spesifik qorxular deyilir. Yüksəklik qorxusu, hər hansı bir əşyaya və ya xəstəliyə qarşı olan qorxular, qapalı məkan qorxusu, cizgi film və ya qorxu film qəhrəmanlarının realda varlığına inanaraq qorxma da spesifik qorxulara aiddir.

Uşaqlarda bu və ya digər qorxulara rast gəldiyimiz zaman nə edə bilərik?

İlk öncə müzakirə üçün uyğun və səmərəli vaxtı təyin edin. Övladınızdan qorxusunu sizə təsvir etməsini istəyə bilərsiniz. Uşaq qorxusunu sizə həm izah edə bilər, həm də qələm və ya boyayla vərəq üzərində əks etdirə bilər. Bu zaman sizin qorxunun haradan qaynaqlandığını düşünmək və şiddətini təxmin etmə imkanınız ola bilər. 

Uşağın qorxusunu yaradan səbəb ailədə yeni bacı və ya qardaşın dünyaya gəlməsi, evi, bağçanı və ya məktəbi dəyişmək və s. ola bilər. Digər tərəfdən   ailədə baş verən hər-hansı bir gərginlik, şiddət, ayrılıq, xəstəlik və  itki uşaqda qorxunun yaranmasına və ya şiddətlənməsinə səbəb ola bilər.

Uşağı dinlədiyiniz zaman öz emosialarınızı gizləməyə çalışın, unutmayın ki, uşağınız üçün bu məsələnin müzakirəsi çox vacibdir. Heç bir halda onun qorxusunu kiçildərək gülmək və ya əksinə öz qorxunuzu da dilə gətirərək  daha da şişirtmək  doğru deyildir. 

"Sən yekə qızsan (oğlansan) adam da bundan qorxar? ” , "axı burda qorxacaq nə var? " , "heç bacın (qardaşın ) qorxmur sən niyə özünü belə aparırsan” kimi ifadələri səsləndirmək doğru hesab olunmur. Əgər övladınızın qorxusunun yaş xüsusiyyətinə uyğun olmadığını düşünürsünüzsə və ya  uşağın qorxusunun onun gündəlik həyatına maneəçilik törətdiyinin şahidi olursunuzsa bu zaman mütəxəssisə müraciət edərək profesional dəstək ala bilərsiniz. Doğru müdaxilə planı və yanaşma üsulu ilə övladınız onu narahat edən qorxulardan azad ola bilər.

Uşaq Psixoloqu - Tünzalə Talıblı

SON XƏBƏRLƏR


Yuxarı