2019-12-11 13:28

"Qəbələ"nin qapıçısı 4 oyunluq cəzalanıb, Əsasnaməni pozan "Zirə" isə cərimələnib

AFFA İntizam Komitəsi "Qəbələ”nin qapıçısı Anar Nəzirovu 4 oyunluq cəzalandırıb.

"Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb onun Premyer Liqanın XIV turunda "Sumqayıt”la səfər matçının 65-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmasıdır. Klub isə 3200 manat cərimə olunub.

Futbolçuya verilmiş 4 oyun cəzanın 2-si şərti cəza kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Oyunun 86-cı dəqiqəsində "Qəbələ”nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Keşlə” – "Kəpəz” görüşünün 45+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Franko Flores ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

1/8 final mərhələsinin "Zirə” – "Qaradağ Lökbatan” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. "Qaradağ Lökbatan” matçın protokolunu vaxtında tərtib etmədiyinə görə əlavə 80 manat da ödəməli olacaq.

Əsasnamənin 9-cu bəndinin şərtləri pozulduğuna görə "Zirə” klubu 800 manat cərimə olunub.

1/8 final mərhələsinin "Sumqayıt” – "Zaqatala” görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
SON XƏBƏRLƏR


Yuxarı