2020-02-07 17:37

İdlib: Suriyanın açılmayan düyünü - TƏHLİL

Suriya ordusu ötən həftə başlayan hərbi əməliyyatlar çərçivəsində İdlib vilayətinin Səraqib rayonunu ələ keçirib. Səraqib Suriyanın mühüm strateji əhəmiyyətə malik M-5 və M-4 magistrallarının kəsişdiyi mühüm nəqliyyat qovşağında yerləşir.

Bu rayonu əhəmiyyətli edən digər məqam onun İdlibin eyniadlı inzibati mərkəzindən 16 kilometr məsafədə yerləşməsidir. 

Türkiyənin BMT-dəki daimi təmsilçisi Feridun Sinirlioğlu bu gün bəyan edib ki, Türkiyə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini geri çəkməyəcək, Türkiyənin müşahidə məntəqələri orada qalacaq. Eyni zamanda, o deyib ki, Suriya hakimiyyəti Türkiyəni çirkli savaşa çəkməyə çalışır. 

Bu həftənin əvvəlində Suriya ordusunun Türkiyə ordusunun konvoyunu artilleriya atəşinə tutması nəticəsində altı hərbçi və daha bir neçə mülki şəxs həlak olub. Daha sonra Türkiyə artilleriyası Suriya ordusuna cavab zərbələri endirib. Rəsmi Ankara bəyan edib ki, bu hadisə bir daha təkrarlansa, Türkiyə ordusu cavab verəcək. 

Suriya ordusu isə buna baxmayaraq, Rusiya hərbi aviasiyasının da dəstəyi ilə İdlibdə irəliləyir. Əgər əməliyyatlar davam edərsə, yaxın zamanda Suriya ordusu İdlibin inzibati mərkəzini ələ keçirəcək. 

Ankara, eyni zamanda, İdlibdə atəşkəsin əldə olunması üçün fəal diplomatiya aparır. Rəsmi Ankara Rusiya və Türkiyə prezidentləri arasında 2018-ci ilin sentyabrında Soçidə əldə olunmuş razılaşmaya əsasən, İdlibdə atəşkəsin qorunub saxlanılmasında israr edir. Rusiya isə İdlibdəki terrorçuların hökumət qüvvələrinə və Rusiya ordusuna hücum etdiyini əsas gətirərək əməliyyatları dəstəkləyir.

Əgər əməliyyatlar davam edərsə, təxminən 500 mindən çox İdlib sakininin Türkiyəyə qaçqın kimi gəlməsi ehtimalı Ankaranı narahat edir. Digər tərəfdən, əməliyyatlarda dinc əhalinin zərər görməsi, xüsusən də müxaliflər arasında çoxlu sayda insanın zərər görməsi ehtimalı Ankaranı narahat edir. 

Hazırda böyük hissəsi müxalif silahlı qruplar tərəfindən nəzarət olunan (son bir ildə vilayətin mühüm bir hissəsini Suriya ordusu nəzarətə götürüb – R.Q.) İdlib Suriyanın şimal-şərqində, Türkiyə ilə sərhəddə yerləşir. Bu baxımdan, vilayətin həm müxaliflər, həm də hökumət üçün xüsusi əhəmiyyəti var. 

İdlib vilayəti 2015-ci ildə, əsasən, silahlı islamçı müxalif qruplardan təşkil olunmuş "Heyət Təhrir əş-Şam” (HTŞ) və daha bir neçə silahlı birləşmənin yaratdığı "Fəth Ordusu” koalisiyası tərəfindən ələ keçirilib.

Hazırda İdlibdə olan daha bir güclü ittifaq Milli Qurtuluş Cəbhəsi (daha sonra Milli Orduya çevrildi – R.Q.) adlanan silahlı koalisiya 11 qruplaşmanın 2018-ci ilin mayında birləşməsi əsasında qurulub.

Bu koalisiyanın əsas qurucusu və dəstəkçisi Türkiyədir. Ancaq 2018-ci ildə İdlibdə silahlı müxalif qruplar arasında baş vermiş mübarizə nəticəsində HTŞ və onun müttəfiq qrupları İdlibin 60 faizdən çox hissəsini nəzarətə götürüb.

Əsasən, radikal silahlı qruplardan təşkil olunan HTŞ-nin aparıcı qüvvəsi ən-Nusra Cəbhəsi qruplaşmasıdır. Hazırda HTŞ-nin rəhbərliyi altında İdlibdə fəaliyyət göstərən 20-dək silahlı qruplaşma Suriya ordusuna qarşı koalisiya yaradıb. Bu koalisiyada HTŞ, Ceyş əl-İzzə, uyğurların Türkistan İslam Partiyası (bu qruplaşma daxili hesablaşmalara qarışmır – R.Q), çeçenlərin Əcnad əl-Qafqaz və eləcə də, Ceyş əl-Əhrar, Əhrar əş-Şam kimi iri qruplar var.

Bu qruplar hakimiyyətlə heç bir danışığa getməmək və İdlibi əllərində qoruyub saxlamağa çalışır. Bu səbəbdən də onlar Türkiyənin dəstəklədiyi qruplara qarşı mübarizə aparırlar. Hazırda İdlibdə ən güclü qruplaşma məhz əl-Qaidənin Suriya qolu olan Nusra Cəbhəsi qruplaşmasının qurduğu HTŞ-dir. HTŞ-nin lideri Ən-Nusranın lideri Əbu Məhəmmdə Colanidir. Bu qruplaşmanın İdlibdə 30 minə yaxın döyüşçüsünün olduğu güman edilir. Ən yaxşı təşkilatlanmış və hazırlıqlı olan HTŞ-nin artilleriya qurğuları da var. Bu qruplaşma BMT, ABŞ, Rusiya və eləcə də, Türkiyə tərəfindən "terror təşkilatı” kimi tanınır.

HTŞ 2017-ci ildə "Ənsar əd-Din Cəbhəsi”, "Ceyş əl-Sunna”, "Liva əl-Haqq” və "Nurəddin Zəngi Hərəkatı” adlı islamçı qruplaşmaların birləşməsindən yaranıb. Sonuncu təşkilat sonradan ayrılaraq "Milli Qurtuluş Cəbhəsi” ilə birləşib. Ancaq sonradan bu koalisiyadan bir sıra qopmalar qeydə alınıb. Lakin buna baxmayaraq, qruplaşma hələ də İldibdə ən böyük silahlı güc hesab olunur.

İdlibdə daha bir böyük güc "Suriya Qurtuluş Cəbhəsi”dir. Bu koalisiyaya "Əhrar əş-Şam”, "Nurəddin Zəngi Hərəkatı”, "Ceyş əl-Əhrar”, "Şukur əş-Şam” kimi iri qruplar daxildir. Ancaq "Suriya Qurtuluş Cəbhəsi” sonradan "Milli Qurtuluş Cəbhəsi” koalisiyasına qatılıb.

"Hurras əd-Din” adlı qruplaşma isə 2018-ci ildə HTŞ-dən ayrılan radikal islamçılar tərəfindən yaradılıb. Bu qruplaşmaya Əfqanıstanda, Orta Asiyada, İraq və Mərakeşdə islamçı qruplarda döyüşmüş silahlılar daxildir. 

İdlibdə sayca üçüncü ən böyük islamçı qruplaşma "Türkistan İslam Partiyası” adlı uyğur türklərinin silahlı təşkilatıdır. Əsasən, Çinin Sincan-Uyğur vilayətindən olan islamçı uyğurların 1997-ci ildə qurduğu bu təşkilat silahlı münaqişələrdə iştriak edib.

ABŞ 2000-ci ildə bu qruplaşmanı "terror təşkilatı” elan edib. Əsasən, radikal islamçılardan formalaşan təşkilatın 15 min nəfərə yaxın silahlı üzvünün olduğu güman edilir. Qruplar arasında toqquşmalara qatılmayan TİP, əsasən, HTŞ və Ən-Nusra ilə müttəfiqlik edir.

Çin hakimiyyəti TİP üzvlərini özü üçün təhlükə hesab edir və hətta buna görə Dəməşqə hərbi təmsilçi göndərib. İdlib Suriya ordusunun nəzarətinə keçərsə, o zaman TİP üzvlərinin taleyinin necə olacağı ən böyük suallardan biridir. Bu qruplaşmanın əsas hədəfi Uyğur bölgəsində İslam dövləti qurmaqdır.

Bundan başqa, İdlibdə İŞİD-in silahlılarının olduğu ehtimal olunur. Baxmayaraq ki, İŞİD hələlik özünü İdlibdə göstərmir. Ancaq ötən il oktyabrın 26-da ABŞ ordusu İdlibin şimalında İŞİD lideri Əbubəkr əl-Bağdadini tapıb öldürəndə məlum oldu ki, İŞİD-in İdlibdə də sığınacaqları varmış.
İdlibdə daha bir böyük qrup isə "Milli Ordu” (Ceyş əl-Vatani) adı verilən və Türkiyə ilə əlaqələri olan silahlı qrupdur.

Türkiyə ordusunun təlim keçib formalaşdırdığı bu ordu Suriyanın siyasi müxalifətini təmsil edən silahlı güc hesab olunur. Bu ordu daha əvvəl Türkiyənin Afrin, Azez-Cerbalus və kürd bölgəsi əməliyyatlarında ("Fırat Kalkanı”, "Zeytin Dalı” və "Barış Pınarı”) iştirak edib. Bir sıra silahlı birliklərdən təşkil olunan bu qrupları Türkiyə ordusu vahid komandanlıq və birləşmələr şəklində formalaşdırmağa çalışır. Ancaq İdlibdə digər adları qeyd olunan silahlı islamçı qruplarla müqayisədə, "Milli Ordu” güclü deyil.

Milli Ordunun baş komandanı Səlim İdrisdir. Bu ordunun 40 minə yaxın döyüşçüsünün olduğu güman edilir. Ancaq ümumilikdə Suriyanın bütün ərazilərində Milli Ordunun 60 min, hətta bəzi rəqəmlərə görə 110 min üzvü var.

Bütün bunlarla yanaşı, İdlibdə kiçik silahlı qruplar var. Bu isə həddən artıq qarışıq və xaotik mənzərəyə səbəb olur. Digər tərəfdən, İdlibdə son illərdə əhalinin sayı süni şəkildə artıb.

Müharibəyə qədər 1,5 milyon insanın yaşadığı İdlibdə sonradan qaçqınlar hesabına əhalinin sayı sürətlə artıb. 2016-cı ildə Hələbin, daha sonra isə Dəməşq ətrafi, Dəra kimi şəhərlərin hökumətin əlinə keçməsi ilə bu ərazilərdəki silahlı müxaliflər ailələri ilə birlikdə anlaşma ilə xüsusi avtobuslarda İdlibə köçürülüb.

Bu səbəbdən də hazırda vilayətdə üç milyona yaxın insanın yaşadığı ehtimal olunur. Bu isə vilayətdə hərbi əməliyyatların hansı nəticələr doğuracağını göz önünə gətirir. Bu səbəbdən də indi İdlib dünyanın üzərində baş sındırdığı mürəkkəb problemə çevrilib. 
SON XƏBƏRLƏR


Yuxarı