2020-07-22 14:43

Mirhəsən Seyidovla bağlı idda yalan çıxdı

Keçmiş hərbiçi Rəşid Rəhimov tərəfindən müxtəlif kütləvi informasiya vasitələrinə ünvanlanan müraciətlə bağlı saytlarda "Gənc icra başçısı prezidentin etimadını belə doğruldur? - Dəniz sahilində özünə istirahət mərkəzi tikdirir...” adlı məqalədə dərc edilən fikirlərlə əlaqədar Neftçala Rayonu İcra Hakimiyyəti münasibət bildirib.

Pressa Neftçala Rayonu İcra Hakimiyyətinin məlumatını olduğu kimi təqdim edir.

İlk növbədə Rəşid Vaqif oğlu Rəhimov Qarabağ müharibəsi əlili deyil, ümumi səbəbdən (travmatik mənşəli şəxsiyyət dəyişikliyi) ikinci dərəcəli əlildir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Rəşid Rəhimov fərdi yaşayış evi inşa etmək məqsədilə köməklik olunması ilə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinə dəfələrlə müraciət etmiş və Prezident İlham Əliyevin Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov təyinatından cəmi 5 (beş) gün sonra icra başçısı tərəfindən 10.03.2020-ci il tarixində qəbul edilmişdir. Müraciətə əsasən Rayon İcra Hakimiyyəti başçısının müvafiq tövsiyəsi ilə Neftçala bələdiyyəsi tərəfindən 500 manat dəyərində taxta və digər tikinti materialları Rəşid Rəhimova verilmişdir. Eləcə də, bu məqsədlə 2018-2019-cu illərdə də, Rəşid Rəhimovun müraciəti nəzərə alınmış və ona 40 ədəd sement, 1000 ədəd kərpic, 800 ədəd mişar daşı, 1 maşın suvaq qumu və maddi köməkliklər edilmişdir. Fərdi yaşayış evi tikmək məqsədilə Rəşid Rəhimova Neftçala bələdiyyəsi tərəfindən 2 dəfə hər biri 600 m2 olan həyətyanı torpaq sahəsi pulsuz olaraq verilmişdir. Rəşid Rəhimovun ailə vəziyyəti nəzərə alınaraq həyat yoldaşı Rəhimova Gülər Bəylər qızı 01.06.2019-cu il tarixdən və qardaşı Rəhimov Rəşad Vaqif oğlu 27.01.2020-ci il tarixdən "DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi işə götürülmüş və onlarla əmək müqaviləsi bağlanmışdır. Rəşid Rəhimov iddiaçı kimi, dəfələrlə rayon ərazisində tikilməkdə olan Olimpiya Kompleksindən müxtəlif təmir tikinti materialları tələb edib. Neftçala rayon icra hakimiyyətinin müvafiq əməkdaşları tərəfindən dəfələrlə Rəşid Rəhimovun tələbinin əsassız olduğu və rayon icra hakimiyyətinin belə bir səlahiyyəti olmadığı izah olunub.

Neftçala rayonunda içməli su ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı diqqətinizə çatdırırıq ki, Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırığı ilə hər gün rayon ərazisinə Salyan rayonundan 30 ədəd su maşını ilə 500 m3 dən artıq içməli su gətirilərək şəhər və qəsəbə ərazilərində yerləşdirilmiş 50 ədəd hər biri 5 m3 olan su çənlərinə doldurulur, qəsəbə və kəndlərdə yerləşdirilib, mütəmadi olaraq 42 modul tipli su təmizləyici qurğular içməli su ilə təmin edilir. Rayon İcra Hakimiyyətində və Neftçala Sukanal idarəsində yaradılmış qaynar xətt əlaqə telefonlara daxil olan bütün müraciətlər qeydə alınır, içməli su problemi ilə bağlı yaranmış çətinliklər aradan qaldırılır. Eləcə də, müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən əhaliyə pulsuz olaq plastik qablarda 20 m3 su paylanmış, rayonda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən hər gün 20-22 m3 içməli su əhaliyə çatdırılır, rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilatların su ilə təminatıda diqqətdə saxlanılır. Azərsu ASC və Neftçala rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə, Salyan rayonundan Neftçala rayonuna çəkilməkdə olan su kəməri sürətli icra olunur.
Diqqətinizə çatdırırıq ki, Rayon İcra Hakimiyyəti başçısı cənab Mirhəsən Seyidovun 100 günlük fəaliyyəti və Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlərə nəzər salmaq məqsədilə dövrü mətbuatda mütəmadi olaraq məlumatlar yerləşdirilir. Neftçala Rayon İcra Hakimiyyətinin rəsmi sosial şəbəkə hesabından və internet səhifəsindən məlumat əldə etmək mümkündür.

Məqalədə rayonun Şirvanlı kəndi ərazisində Xəzər dənizi sahilində "Rayon İcra Hakimiyyəti başçısı tərəfindən istirahət mərkəzinin tikintisi” ilə bağlı qeyd edilən fikirlər əsassız, şər və böhtandır. Diqqətinizə çatdırırıq ki, Şirvanlı kəndi ərazisində Xəzər dənizinin sahilində 48000 m2 ərazi çimərlik məqsədilə əhali tərəfindən hər zaman ödənişsiz istifadə edilib. Burada əhalinin istirahəti üçün yerli fiziki şəxslər və hüquqi şəxslər tərəfindən mövsumi istifadə üçün düzəldilmiş həsirlər müvəqqəti istirahət yerləri mövcud olub. Neftçala rayon İcra Hakimiyyəti təşəbbüsü ilə, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi və rayon könüllülərinin birgə təşkili etdiyi aksiya ilə ekoloji vəziyyəti bərbad olan bu yerlər təmizlik aksiyası çərçivəsində təmizlənib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.2.8-ci bəndinə (müvafiq ərazidə hüquqi və fiziki şəxslər tərəfindən sərmayə qoyuluşu üçün şərait yaratmaq), 4.5.8-ci bəndinə (müvafiq ərazidə kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək), 4.5.9-cu bəndinə (əhaliyə sosial-mədəni xidmətlərin göstərilməsi sahəsində müvafiq tədbirlər görmək, digər növlərdən olan xidmətlərin inkişafına kömək etmək), əsasən hazırlanmış yerlər vətəndaşların sosial-mədəni həyatının yaxşılaşdırılmasına məqsədi ilə Müşviq çimərliyi kimi tanınan yerdə öncədən istifadə olunan konstruksiya materiallar toplanaraq sahibkarlar tərəfindən daha yenisi ilə əvəz olunub vətəndaşların istifadəsinə verilib. 

COVİD-19 pandemiyası müddətində, Operativ Qərargahın tövsiyyələrinə uyğun şəkildə bütün şərait qurulub. Sosial məsafələr gözlənilib, yeni geyinib-soyunma otaqları hazırlanıb, ərazidə vətəndaşların istifadə etdiyi yerlərdə dezinfeksiya məhsulları yerləşdirilib. Respublikanın müxtəlif bölgələrindən və rayon ərazisindən buraya istirahətə gələn vətəndaşlar ərazidə yaradılmış şəraitdən razılıqlarını bildirir və bu da öz növbəsində insanların məmnunluğuna səbəb olub. Şirvanlı çimərliyində mövsumi istifadədə olan yerlərdə onlarla vətəndaşlar yeni iş yerləri ilə təmin olunub. Ərazidə vətəndaşların istifadə üçün, ailəvi və gənclər sektorları hazırlanıb ki, bu da vətəndaşların daha rahat istifadəsinə imkan yaradıb. Neftçala rayon İcra Hakimiyyəti tərəfindən bundan sonra da, rayon ərazisində fəaliyyət göstərmək istəyən sahibkarlarla bağlı müvafiq investisiya layihələri qiymətləndiriləcək və vətəndaşların daha rahat istifadəsi üçün dəstəklənəcəkdir.

Bir daha bildiririk ki, özünü Qarabağ əlili kimi təqdim edən Rəşid Rəhimov tərəfindən kütləvi informasiya vasitələrinə ünvanlanan müraciətdə qeyd olunan fikirlər əsassız, şər və böhtan xarakterli məlumatlardır. O və onun kimi bəzi vətəndaşlar bundan öncə də müxtəlif vaxtlarda, rəhbər şəxslərin fəaliyyətinə kölgə salmaqla öz mənfur niyyətlərinə nail olmaq üçün müxtəlif mətbuat orqanlarına həqiqəti əks etdirməyən yalan məlumatlar verməklə məşğuldur. Neftçala rayon İcra Hakimiyyəti tərəfindən bütün məlumatlar dəqiqləşdirilir və müvafiq hüquq mühafizə orqanlarına bununla bağlı müraciət hazırlanır. Rəşid Rəhimov və ona havadarlıq edənlərin müxtəlif müxalif meyilli şəxslərin bu gün mövqeyi, rayon ərazisində əhali arasında narahatlıq yaratmaq, rayon rəhbərliyinin fəaliyyətinə kölgə salmaqdır. Neftçala rayon İcra Hakimiyyəti bəzi media nümayəndələrinə bu haqda məlumatı yaymadan öncə qarşı tərəfin mövqeyini öyrənməyi və icra hakimiyyətinin əlaqə vasitələrinə sorğu ilə çıxış etməyi tövsiyyə edir.

SON XƏBƏRLƏR


Yuxarı