2020-07-24 16:57

Almaniyada yaşayan azərbaycanlı alimdən ÇAĞIRIŞ!

Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatlara etiraz olaraq xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən törədilən təxribatları qəti şəkildə pisləyirik.

Bunu Pressa.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

"Belə ki, erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycanın diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlərimizə qarşı müxtəlif vandalizm aktları törədiblər, nəticədə neçə-neçə soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu, bir daha radikal ermənilərin həyata keçirdikləri, onların əsas amalları olan işğalçılıq, təxribatçılıq, dağıdıcı siyasətin bariz nümunəsidir. Təbii ki, bütün dünya bu cür vəhşiliyi və vandalizmi qınayır. Görünən odur ki, radikal erməni lobbisinin üzvləri öz dağıdıcılıq siyasətlərini təkcə işğalçı Ermənistanın ərazisində deyil, həm də başqa hüquqi dövlətlərin ərazisində də həyata keçirməyə çalışırlar”, - N.Abdullayev bildirib.

Azərbaycanlı alim hesab edir ki, ermənilərin xarici ölkələrdə dinc şəkildə aksiya keçirən azərbaycanlılara qarşı hücumlarının cavabı hüquqi müstəvidə verilməlidir: "Əminəm ki, onların cavabını elə hadisələrin baş verdiyi dövlətlər özləri verəcək gücə malikdir. Ona görə də, xaricdə yaşayan bütün soydaşlarımıza səslənərək təmkin nümayiş etdirməyə, məsələnin yalnız hüquqi müstəvidə həll olunması üçün çalışmalarına çağırıram. Bu gün biz və bütün dünya ermənilərin törətdiyi təxribatları, barbarlığı və vəhşiliyi pisləyirik. Əgər biz azərbaycanlılar da onların vəhşiliyinə vəhşiliklə cavab versək, daha bizim hüquq müstəvisində özümüzə haqq qazandırmağa gücümüz olmayacaq”.

Tibb elmləri doktoru vurğulayıb ki, bütün dövlətlərin koronavirus pandemiyası kimi üçüncü dünya müharibəsi ilə üzləşdiyi bir vaxtda ermənilərin bu təxribatları Ermənistanın hakim rejiminin yürütdüyü siyasətin bariz nümunəsidir və onların kim olduğunu ortaya qoyur: "Onlar başlatdığı hərbi təxribatla regionda, eləcə də dünyada yaşanan qlobal tibbi problemi dərk etmədiklərini və eləcə də bəşəriyyət və insanlıq qarşısında məsuliyyətlərinin olmamasını göstərir ki, bu da onların səviyyələrindən xəbər verir. Amma bizlər xalq olaraq dərk edirik ki, öldürücü virus yoxa çıxmayıb və yanımızdadır. Ona görə də bu dönəmdə də dövlətimizin həm virusla mübarizəsində, həm də xarici siyasətində ona maksimum dəstək olmaqla çox ehtiyatlı olmalıyıq. Düşünürəm ki, xalqımız başda olmaqla biz siyasətçilərimiz, diplomatlarımız, iqtisadçılarımız və həkimlərimiz sayəsində bu iki cəbhəli müharibədən də üzü ağ çıxacıq. Unutmaq lazım deyil ki, bizim 30-35 il əvvəldən fərqli olaraq Avropanın və Amerikanın siyasətinin əsasını dərk edən və onların cəmiyyətlərinə haqqı və ədaləti necə çatdırmağı bilən mütəxəssislərimiz var. Sadəcə onlara dəstək olmaq və millət olaraq da səbrli olub bir olmaq, birgə hərəkət etmək lazımdır”.
SON XƏBƏRLƏR


Yuxarı