2020-09-17 16:17

"Məlumat yayan zaman onun doğruluğunu yoxlayın" - ÇAĞIRIŞ

Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Pressa xəbər verir ki, iclasda komitənin yeganə qadın üzvü millət vəkili Jalə Əhmədovanın geniş çıxışı xüsusi marağa səbəb olmuşdur. Deputat öz çıxışında bir çox həssas mövzulara toxunub.

Paytaxt Bakı şəhərindən fərqli olaraq ölkəmizin digər regionlarında vətəndaşların hüquqlarının pozulma hallarının daha çox olmasını dilə gətirən millət vəkili bu kimi halların aradan qaldırılması üçün məmurların sözdə deyil əməldə də iş görməli olduqlarını vurğulamışdır.

Hərbiçilərin, sahibkarların, habelə valideyinlərini itirmiş azyaşlıların, uşaq evlərində olan uşaqların, müailəcəyə maddi imkanı yetməyən vətəndaşların və bu kimi həssas əhali qruplarına aid şəxslərin hüquqlarının tam yerinə yetirilməməsi halları çıxışda xüsusi qeyd edilmişdir.

Deputat çıxışında özəlliklə qadın məhbusların ona ünvanladıqları çoxsaylı müraciətləri əsas götürərək, məhbusların hüquqlarının pozulmasına və bir çox məhbusların əfv olunmaq istəklərinin aidiyyəti qurumlara çatdırılmamasına qarşı ciddi nəzarətin önəmini vurğulamışdır.

Media işçilərinə müraciət edən deputat bunları demişdir:

"Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xatirinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir”.

Həmçinin, millət vəkili sosial şəbəkələrdə son zamanlar artan saxta profillərin və mənfi elementlərin qarşısını almaq və öz şəxsi məlumatları ilə hesab açan şəxsdə məsuliyyət hissinin yaranması üçün sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmasını təklif edib.
SON XƏBƏRLƏR


Yuxarı