Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Cəngan kəndinin sakinləri ilə səyyar görüş keçirib.
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Cəngan kəndinin ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Cəngan kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Azərbaycan və Türkiyə qardaşılığı bütün dünyaya nümunədir” mövzusunda iştirakçılara məlumat veriblər və bildiriblər ki, Azərbaycan Türkiyə qardaşlığının qədim tarixə malik olması, bu iki qardaş ölkənin əsrlər boyu bir-birinə dəstək göstərməsi, sıx əməkdaşlıq etməsi, münasibətlərdə qarşılıqlı etimad, hər iki qardaş ölkə arasında yüksək səviyyəli əməkdaşlıq qurulması haqqında danışıblar.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünyaya nümunədir. Regional və qlobal məkanda baş verən bütün proseslərdə yaxından iştirak edən Azərbaycan bir çox beynəlxalq layihələri məhz Türkiyə üzərindən reallaşdırır. Neft və qaz resurslarının dünya bazarlarına çıxarılması da qardaş ölkə vasitəsilə həyata keçirilir. Möhkəm dayaqlar üzərində yaranan münasibətlər ötən əsrin əvvəllərindən etibarən inkişaf etməyə başlayıb. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərib. Bu münasibətlər Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi taleyüklü addımlar sayəsində özünün inkişaf mərhələsinə yüksəlib. Ulu Öndər Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" prinsipləri Ulu Öndər siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, suvarma kanallarının lildən, daxili avtomobil yollarının təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.