Hansı məhsullar damarlar üçün faydalıdır?
"Damarların möhkəm və elastik qalması üçün zərərli vərdişlərdən imtina, fiziki aktivlik və balanslı qidalanma vacibdir".
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq Polina Savina bildirib.
Həkim qeyd edib ki, damar divarlarının elastikliyi üçün C vitamini ilə zəngin məhsulları mütəmadi qəbul etmək lazımdır. Kardioloqun sözlərinə görə, bu qrupa sitrus meyvələri, itburnu, qara qarağat, çaytikanı, kivi, bolqar bibəri, qarabaşaq yarması və göyərti (cəfəri, ispanaq, şüyüd və ya keşniş) daxildir.
Savina, həmçinin menyuya E vitamini tərkibli məhsulların əlavə edilməsini tövsiyə edib. Bu vitamin "pis" xolesterinin (LDL) oksidləşməsinin və damar divarlarında çökməsinin qarşısını alan güclü antioksidantdır. Həkimin fikrincə, ən yaxşı seçimlər zeytun, kətan və günəbaxan yağı (xüsusilə soyuq yeməklərdə), həmçinin qoz-fındıq, tumlar və avokadodur.
Onun sözlərinə görə, Omeqa-3 mənbələri də az əhəmiyyət kəsb etmir. Çoxdoymamış yağ turşuları "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir, damar divarının elastikliyini artırır və qan dövranını yaxşılaşdırır.
Savinanın daha bir tövsiyəsi rasiona flavonoidlərlə zəngin yaşıl çay, tünd şokolad, giləmeyvələr və pomidorun daxil edilməsidir.
