Pressa.az » Cəmiyyət » Sərxan palataya köçürüldü

Sərxan palataya köçürüldü

08 yanvar 2026, Cümə axşamı, 14:50
Sərxan palataya köçürüldü

Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsindən palataya köçürülüb.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.

Bildirilib ki, xəstədə fizioterapiya və reabilitasiya məşqlərinə başlanılıb: “Xəstəmiz 7 gündür ayıq vəziyyətdə müşahidə olunur. Şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya prosesi başlanıb. Xəstənin reanimasiya (intensiv terapiya) ehtiyacı qalmayıb, bu səbəbdən Reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb”.

Həmçinin qeyd edilib ki, palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir: “Xəstə fasilələrlə yeridilməyə başlanıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə xəstəmizin tam qüsursuz, sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir”.

Xatırladaq ki, hadisə dekabrın 25-i Bakının mərkəzi küçələrinin birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.