Pressa.az » Cəmiyyət » Depressiyanın gizli səbəbi tapıldı

Depressiyanın gizli səbəbi tapıldı

06 fevral 2026, Cümə, 17:00
Depressiyanın gizli səbəbi tapıldı

Dəmir çatışmazlığı yeniyetməlikdə, hamiləlikdə, doğuşdan sonra və yaşlılıqda depressiya riskini yüksəldir.

Liderxeber.az xəbər verir ki, bu barədə "Frontiers in Nutrition" jurnalında dərc olunmuş araşdırmada məlumat verilib.

Cəvahirləl Nehru Tibbi Təhsil və Tədqiqat İnstitutunun alimləri apardıqları tədqiqat nəticəsində belə qənaətə gəliblər ki, dəmir yalnız oksigen daşınması üçün deyil, beyin funksiyaları üçün də həyati əhəmiyyət daşıyır. Dəmir serotonin və dopamin sintezində iştirak edir, neyronların qoruyucu örtüyü olan miyelinin əmələ gəlməsini dəstəkləyir və sinir sisteminin möhkəmlənməsini təmin edir.

Tədqiqatçılar bildirirlər ki, dəmir çatışmazlığı olan insanlarda depressiv simptomlar daha çox müşahidə olunur. Maraqlıdır ki, depressiya klinik anemiya olmadan da baş verə bilər. Yeniyetmələrdə və qadınlarda perinatal dövrdə aşağı dəmir səviyyəsi beyin strukturlarında dəyişikliklərlə əlaqəlidir və depressiya riskini artırır. Hamiləlik və doğuş sonrası dəmir çatışmazlığı riski yüksəlir, yaşlılıqda isə bu, depressiyaya əlavə olaraq idrak zəifləməsinə də səbəb ola bilər.

Alimlər qeyd edirlər ki, dəmir çatışmazlığı depressiyanın yeganə səbəbi deyil, lakin digər bioloji və psixososial amillərin təsirini gücləndirir.

Əvvəllər hesab edilirdi ki, beyin qocalmağa müəyyən yaşdan başlayır, amma indi müəyyən edilib ki, bu proses fərdi amillərdən və qidalanmadan asılıdır.