Valideynlərin hansı səhvləri uşaqların gec danışmasına səbəb olur?
"Ekran qarşısında həddindən artıq vaxt keçirmək, valideynlərin uşağın istəklərini əvvəlcədən yerinə yetirməsi, ailədə zəif ünsiyyət və ortaq oyunların olmaması uşaqlarda nitq inkişafını ləngidə bilər".
Liderxeber.az xəbər verir ki, bu fikirləri rusiyalı uşaq nevroloqu Olqa Butenko "İzvestiya" nəşrinə açıqlamasında bildirib.
Mütəxəssis qeyd edib ki, nitq bacarıqları üz-üzə ünsiyyət və ortaq diqqət zamanı formalaşır. Cizgi filmləri və digər ekran məzmunları bu bacarıqları stimullaşdırmır, əksinə, onların inkişafını ləngidə bilər. Xüsusilə üç yaşdan kiçik uşaqlar risk qrupuna daxildir, iki yaşdan kiçik uşaqlara isə ümumiyyətlə ekran qarşısında vaxt keçirmək tövsiyə olunmur.
Bu kimi problemlərin qarşısını almaq üçün valideynlər uşağın müraciəti olmadan onun istəklərini dərhal yerinə yetirməməli, gündəlik hərəkətləri sadə ifadələrlə şərh etməli, sözləri aydın və emosional şəkildə tələffüz etməli, eyni zamanda uşağa cavab verməsi üçün vaxt ayırmalıdırlar.
Butenkonun sözlərinə görə, nitq inkişafını ləngidə biləcək digər amillər arasında davamlı gərginlik, sözlərin təhrif edilərək deyilməsi və ortaq oyunların olmaması da yer alır.
Mütəxəssis əlavə edib ki, təxminən bir yaşında uşağın barmaqla işarə etməməsi, iki yaşına qədər sözləri anlamaması kimi hallar xəbərdaredici əlamət hesab olunur.
