Allergiyanız varmı? - Simptomlar, testlər və qorunma yolları
"Allergik rinit bədənin immun reaksiyası nəticəsində inkişaf edən və uzunmüddətli burun tutulmasına səbəb olan ən yayılmış amillərdən biridir".
Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı həkim Aleksandra Filyova RT-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, allergik rinit zamanı immun hüceyrələri əksər insanlar üçün zərərsiz olan maddələri bədən üçün təhlükəli hesab edərək onlara hücum edirlər.
"Nəticədə iltihab inkişaf edir. Bu proses həm mövsümi (məsələn, yazda bitkilərin çiçəklənməsi zamanı), həm də ilboyu (toz, kif və ya digər məişət elementlərinə qarşı allergiyadırsa) davam edə bilər", - deyə həkim izah edib.
Mütəxəssis qeyd edib ki, allergik rinitin simptomları olduqca spesifikdir: bunlara burun tutulması, şəffaf axıntı, asqırma, burunda qaşınma və gözlərin sulanması daxildir. Lakin reaksiyaya səbəb olan konkret amili müəyyən etmək üçün həkim nəzarəti altında bir sıra testlər keçirilməlidir.
"Əgər burun axıntısı allergiyadan qaynaqlanırsa, ilk növbədə allergenlə təmasdan çəkinmək lazımdır. Məsələn, reaksiyaya səbəb olan qidaları rasiondan çıxarmaq, neytral təmizlik və kosmetik vasitələrə keçmək və ya yataq otağındakı dibçək güllərini kənarlaşdırmaq tövsiyə olunur. Allergiyanın mənşəyi məlum deyilsə, dəqiq diaqnoz üçün qan və dəri testlərindən keçmək vacibdir".
