Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır
İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli alternativlərlə müqayisədə belə, orqanizm üçün daha faydalı ola bilər.
Bu nəticə Avstraliyanın Edit Kouen Universitetinin alimlərinin apardığı elmi icmalda yer alıb.
Liderxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews in Food Science and Nutrition" jurnalında dərc olunub.
Müəlliflər bunu südün təbii quruluşu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, südün tərkibindəki zülallar, yağlar, kalsium, fosfor və digər maddələr bir-biri ilə qarşılıqlı əlaqədə mövcuddur və bu sistem "süd matrisi" adlanır. Alimlər hesab edirlər ki, məhz bu quruluş qida maddələrinin orqanizm tərəfindən mənimsənilməsinə və sağlamlığa təsirinə mühüm təsir göstərir.
Araşdırmada qeyd olunur ki, süd istehlakı sümüklərin möhkəmlənməsi və sınıq riskinin azalması ilə əlaqələndirilir. Məlumatlara əsasən, gündə bir-iki porsiya süd məhsulu qəbul etmək sınıq ehtimalını azalda bilər. Kalsium əlavələri isə hər zaman eyni effekti vermir. Bundan əlavə, südün qan şəkərinin səviyyəsinə, bağırsaq mikrobiotasına və lipid mübadiləsinə müsbət təsir göstərə biləcəyi vurğulanır.
Bitki mənşəli içkilərdə isə qida maddələri əksər hallarda təbii şəkildə deyil, sonradan əlavə edilmiş komponentlər şəklində olur. Həmçinin onların dadını və teksturasını yaxşılaşdırmaq məqsədilə tərkibinə şəkər, yağlar və qatılaşdırıcılar əlavə edilə bilər. Alimlərin fikrincə, bu amillər etiketdə göstərilən qida dəyərləri oxşar olsa belə, həmin məhsulların qidalandırıcı xüsusiyyətlərini inək südü ilə müqayisədə zəiflədə bilər.
Tədqiqatda uşaqların qidalanmasına da xüsusi diqqət ayrılıb. Mütəxəssislər bildirirlər ki, süd məhsullarından düşünülməmiş şəkildə imtina etmək, xüsusilə erkən yaşlarda zülal, kalsium, yod və B12 vitamini çatışmazlığına səbəb ola bilər.
Bununla yanaşı, alimlər bitki mənşəli alternativlərin də faydalı xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Məsələn, soya əsaslı içkilər xolesterin səviyyəsinin azalması və iltihabəleyhinə təsirlərlə əlaqələndirilir.
