Pressa.az » Cəmiyyət » İsti havada soyuq duşun təhlükələri: Həkimdən vacib xəbərdarlıq

İsti havada soyuq duşun təhlükələri: Həkimdən vacib xəbərdarlıq

21 iyul 2026, Çərşənbə axşamı, 09:18
İsti havada soyuq duşun təhlükələri: Həkimdən vacib xəbərdarlıq

Qızmar hava insan orqanizmi üçün ciddi risklər yaradır. Belə günlərdə susuzlaşma, günvurma və istivurma ehtimalı artır, eyni zamanda tənəffüs və ürək-damar sistemi ilə bağlı xroniki xəstəliklər kəskinləşə bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə həkim-terapevt Aleksey Abızov RT telekanalına müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, küçədən isti havadan qayıtdıqdan dərhal sonra kondisioneri işə salmaq düzgün deyil. O bildirib ki, orqanizmin otaq temperaturuna uyğunlaşması üçün 10-15 dəqiqə gözləmək, yalnız bundan sonra kondisioneri işə salmaq tövsiyə olunur.

Mütəxəssis qeyd edib ki, otaqda optimal temperaturun 22-24 dərəcə Selsi arasında saxlanılması daha məqsədəuyğundur.

Abızov əlavə edib ki, sərinkeşlər yalnız hava temperaturu 35 dərəcəyədək olduqda effektiv işləyir. Temperatur bundan yüksək olduqda isə cihaz havanı soyutmur, sadəcə isti hava axınını hərəkətə gətirir.

Həkim tərlədikdən sonra kondisioner, sərinkeş və ya güclü hava axınının qarşısında dayanmağın təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə vəziyyətdə əzələlər və dəri qəfil soyuyur ki, bu da xüsusilə bel və boyun nahiyəsində ağrılara səbəb ola bilər.

Mütəxəssis isti havada buz kimi su ilə duş qəbul etməyin də sağlamlıq üçün riskli olduğunu bildirib. Xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün bu, arterial təzyiqin qəfil yüksəlməsinə və səhhətin pisləşməsinə səbəb ola bilər.

Abızov açıq su hövzələrində çimərkən də ehtiyatlı olmağı tövsiyə edib. O bildirib ki, uzun müddət günəş altında qaldıqdan sonra temperaturu 20 dərəcədən aşağı olan suya qəfil girmək olmaz. Bu, xüsusilə yaşlı insanlar, eləcə də ürək-damar və sinir sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün ciddi təhlükə yaradır.

Həkim suya tədricən daxil olmağı, əvvəlcə boyun, sinə və əlləri islatmağı məsləhət görüb. Bundan başqa, su ilə hava arasında temperatur fərqi çox olduqda suda 10-15 dəqiqədən artıq qalmaq tövsiyə edilmir.

Mütəxəssis yay aylarında geyim seçiminə də diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, kətan, pambıq və bambuk kimi təbii materiallardan hazırlanmış, açıq rəngli, gen və uzunqollu geyimlər daha uyğundur. Bu parçalar havanı yaxşı keçirir və təri asanlıqla hopdurur.

Abızov bildirib ki, sintetik və qalın parçalar bədənin istilik mübadiləsini pozur və həddindən artıq isinməyə səbəb olur.

Həkim sonda açıq havaya çıxarkən mütləq baş geyimindən istifadə etməyi və günəşdən qoruyucu krem çəkməyi tövsiyə edib.