Müalicəvi aclığın getdikcə populyarlaşmasına baxmayaraq, elmi araşdırmalar onun sağlamlıq üçün faydalarını təsdiqləmir, eyni zamanda, bununla bağlı ciddi risklərin olduğu bildirilir.
Liderxeber.az xəbər verir ki, bu barədə gazeta.ru saytına müsahibəsində rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Mixalyova danışıb.
Mütəxəssisin fikrincə, aclıq qısamüddətli (üç gündən az müddətə kalorilərin tam məhdudlaşdırılması) və ya uzunmüddətli (dörd gündən çox) ola bilər. Bəzi tədqiqatlar aclığın bədən kütləsinin 2-10% azalması, qlükoza və insulin səviyyələrinin yaxşılaşması kimi müsbət təsirlərini qeyd etsə də, bu dəyişikliklər qısamüddətli olub və sağlamlığa əhəmiyyətli fayda verməyib.
"Problem ondadır ki, aclıq zamanı təkcə yağ deyil, həm də əzələ kütləsi itirilir, sonuncu isə ümumi çəki itkisinin təxminən üçdə ikisini təşkil edir. Sarkopeniya (əzələ kütləsinin itirilməsi) osteoporoz, sarkopenik piylənmə, insulin müqaviməti və digər təhlükəli vəziyyətlərin inkişafına səbəb ola bilər. 50 yaşdan sonra itirilmiş əzələ kütləsini bərpa etmək, demək olar ki, mümkün deyil", - deyə Mixalyova xəbərdarlıq edib.
Bundan əlavə, aclıq zamanı metabolik asidoz və ya ketozun inkişafı ola bilər ki, bu zaman orqanizm enerjini zəhərli keton cisimlərindən almağa çalışır. Bu, mədə-bağırsaq pozğunluğuna, ishal, qarın, baş ağrılarına səbəb ola, beyinə mənfi təsir göstərə, idrak funksiyalarının pisləşməsinə, apatiya və depressiyaya səbəb ola bilər. Həmçinin, infeksion xəstəliklərə yoluxma riski də artır.
Xroniki xəstəliyi olan şəxslərə, uşaqlara və qocalara ac qalmaq olmaz. Susuzlaşma və zülal çatışmazlığı səbəbindən aclığın ikinci həftəsinin sonunda dərin venaların tromboemboliyası kimi ciddi fəsadlara da rast gəlinir.
"Detoks üçün ac qalan insanlar əslində yalnız sağlamlıqlarına zərər verirlər. Faydalı maddələrin ehtiyatları tez tükənir, oksidativ stres artır, müxtəlif xəstəliklərin yaranma riski artır. Bədənin bütün gücü həyat fəaliyyətinin qorunub saxlanmasına sərf edildiyi üçün detoksifikasiya prosesi pozulur", - deyə o vurğulayıb.