Вернуться назад Распечатать

Yatmazdan əvvəl hansı qidaları qəbul etmək olmaz?

Turş meyvə və tərəvəzlər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərir.

Liderxeber.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə tanınmış britaniyalı diyetoloq Kayl Krouli xəbərdarlıq edib.

Onun araşdırmasına əsasən, yatmazdan dərhal əvvəl belə məhsulların qəbulu sağlam yuxunu ciddi şəkildə poza və xroniki sağlamlıq problemlərinə səbəb ola bilər.

Krouli qeyd edib ki, bu məhsulların tərkibindəki turşu qida borusunun aşağı sfinkterinə, yemək borusu ilə mədəni bir-birindən ayıran qapaqların işini zəiflədir. Bu, turşu reflüksuna gətirib çıxarır ki, bu zaman mədənin içindəki ərzaq qida borusuna geri qayıdır və bu da narahatlığa səbəb olur, normal yuxu siklini pozur.

"Yatmazdan əvvəl qaçınılması lazım olan turşulu qidalar arasında portağal, pomidor və qreypfrut var. Onlar mədədə yanma hissinə səbəb ola bilər ki, bu da sizə rahat yatmağa imkan verməyəcək", - Krouli bildirib.

Turş qidalardan başqa, diyetoloq axşam rasionundan yağlı qidaları çıxarmağı şiddətlə tövsiyə edir. Yağlı qidalar həzm prosesini ləngidir, həmçinin mədədə ağırlıq hissi yaradaraq, turşu reflüksuna səbəb olur.

"Yatmazdan əvvəl hər hansı qida qəbul etmək yaxşı fikir deyil. Bədəninizin yeməyi həzm etmək üçün vaxta ehtiyacı var və yeməkdən dərhal sonra yatmaq yuxu rejiminizi ciddi şəkildə poza bilər", - deyə Krouli xəbərdarlıq edib.

Yatmazdan əvvəl aclıq hiss edənlər üçün mütəxəssis həzm sistemini çox yükləməyən yüngül qəlyanaltılar seçməyi tövsiyə edir. Diyetoloqun fikrincə, ideal variantlar qoz-fındıq və süd məhsullarıdır ki, onlar həzm problemi yaratmadan və yuxunu pozmadan toxluq hissi verir.