Вернуться назад Распечатать

Bu məhsullar yüksək təzyiqə faydalıdır

Hipertoniya – milyonlarla insanı təsir edən geniş yayılmış bir xəstəlikdir.

Alimlər apardıqları yeni araşdırmada canlı bakteriyalarla zəngin qidaların və azhərəkətli həyat tərzinin yüksək təzyiqli insanlara təsirini araşdırıblar.

Liderxeber.az xəbər verir ki, tədqiqat zamanı alimlər ABŞ-nin Milli Sağlamlıq və Qidalanma Sorğusu (NHANES) məlumat bazasından istifadə ediblər. Araşdırmaya ümumilikdə 15 mindən çox hipertoniya xəstəsi daxil edilib.

Mütəxəssislərin fikrincə, steril və ya termik emaldan keçmiş məhsullarda canlı mikroorqanizmlər az olur. Ən çox canlı bakteriyalar isə adətən yoqurt və fermentasiya olunmuş tərəvəzlərdə aşkarlanır. Təzə qabıqlı meyvə və tərəvəzlərdə isə bu bakteriyaların miqdarı orta səviyyədə olur.

Araşdırmanın nəticələrinə görə, tərkibində canlı bakteriyalar olan məhsulları az istehlak edənlərdə ürək-damar xəstəliklərindən və digər səbəblərdən ölüm riski daha yüksəkdir. Belə qidaları daha çox yeyənlərdə isə bu risk əhəmiyyətli dərəcədə aşağı olur.

Bundan əlavə, gün ərzində oturaq vəziyyətdə beş saatdan az vaxt keçirən şəxslərdə ölüm riski ən aşağı səviyyədə qeydə alınıb. Beş-səkkiz saat və ya səkkiz saatdan çox oturanlarda isə bu risk təxminən eyni olub.

Hər əlavə oturaq saat ölüm riskini ümumi səbəblərdən 6%, ürək-damar xəstəliklərindən isə 6,5% artırır. Eyni zamanda, canlı bakteriyalarla zəngin məhsulların istehlakı bu riski azaltmaqda qoruyucu rol oynayır.