Вернуться назад Распечатать

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ CAVAB

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan - Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.

Qeyd olunub ki, bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, 2025-26-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 86 460 abituriyent elektron ixtisas seçimi ərizələrini təsdiq edib.

Qeyd olunan tədris ili üçün ali təhsil müəssisələrində 60 489 plan yeri ayrılıb.