Вернуться назад Распечатать

Pensiya yaşına çatmadan ölənin hesabındakı - Pulun 30%-i ailəsinə verilsin

Vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub.

Liderxeber.az xəbər verir ki, bunu deputat Əziz Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bizi ən çox narahat edən məsələlərdən biri vəfat etmiş insanların ailələrinin dərhal çox çətin duruma düşməsidir. Əgər dünyasını dəyişən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, məsələn, gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, yoxsa yox. Təklif edirəm ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-nin dərhal ailəsinə verilməsi mümkün olsun. Qalan məbləğ isə ənənəvi olaraq pensiya yaşına çatanda ondan ailə istifadə edə bilsin. Bu da ailə başçısını itirən ailələrin sosial durumuna ciddi dəstək ola bilər”, - millət vəkili söyləyib.

Komitə sədri Musa Quliyev isə bildirib ki, Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanun layihəsi hazırlanır: “Yəqin ki payız, ya da yaz sessiyasında müzakirəyə çıxarılacaq”.