Вернуться назад Распечатать

Valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?

Ailə Məcəlləsinə dəyişiklik edildiyi gündən etibarən ölkə ərazisində qohum evlilikləri qadağan olunub. Nikaha girmək istəyən şəxslər "ASAN Xidmət" mərkəzlərinə müraciət etdikdə onların qohumluq əlaqələrini yoxlamaq məqsədilə özlərinin və valideynlərin doğum haqqında şəhadətnamələri istənilir.

Liderxeber.az xəbər verir ki, bəzən bu hal nikaha girmək istəyənlərə çətinlik yaradır. Belə ki, qohum olmayan bir qrup cütlük valideynləri doğum haqqında şəhadətnamələrini itirdikləri üçün nikaha girə bilmirlər.

Nəzərə alsaq ki, bəzi gənclər tərk edilmiş uşaqlıq yaşayıblar və ailələrindən xəbərləri yoxdur, bu halda onların evlənməsi müşkül məsələyə çevrilir.

Maraqlıdır, bəs görəsən, valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?

Ədliyyə Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür:

"Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3.3-cü bəndinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır.

Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir.

Nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında şəhadətnamələri təqdim edə bilmədikdə qeydiyyat orqanı müvafiq akt qeydlərinin əldə edilməsi üçün tədbir görür. Akt qeydləri valideynlərin doğulduğu yer üzrə qeydiyyat şöbəsindən istənilir, bu mümkün olmadıqda valideynlərin doğumu və valideynlər barədə digər sənədlərin əldə olunması üçün tədbir görülür.

Nikaha daxil olmaq istəyən şəxslər valideynlərinin doğumu haqqında sənədləri yalnız onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında əldə edə bilərlər. Valideynlər vəfat etdiyi halda isə müvafiq arayışlar nikaha daxil olmaq istəyən şəxslərə təqdim oluna bilər", - deyə cavabda vurğulanıb.

Xatırladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.