Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti tədris ilində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq üçün müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof of admission from tutor).
Liderxeber.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) məlumat yayıb.
Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində ÇXR-də təhsil almaq niyyətində olan Azərbaycan Respublikası vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün ÇXR universitetləri ilə birbaşa əlaqə saxlamalıdırlar.
Qeyd edilib ki, HTP çərçivəsində növbəti tədris ilində ÇXR-də təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə EATDA və HTP-nin rəsmi internet səhifələrində, həmçinin sosial media hesablarında dərc ediləcək.
Sözügedən təqaüd proqramı 13 aprel 2020-ci il tarixində Pekin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən həyata keçirilir.