"Sağlam həyat tərzi və rasional qidalanma ürək-damar xəstəliklərinin qarşısının alınmasının əsasını təşkil edir".
Liderxeber.az xəbər verir ki, bunu rusiyalı kardioloq Anastasiya Malay Lenta.ru-ya açıqlamasında deyib.
O, ürək üçün ən zərərli məhsulları sıralayıb. Malay vurğulayıb ki, duzun həddindən artıq olması ürək sağlamlığı üçün təhlükəli ola bilər:
"Duzun miqdarının artıq olması təzyiqin artmasına və şişkinliyə səbəb olur. Unutmamalıyıq ki, duzun təxminən 80%-ni duzqabıda deyil, hazır məhsullardan: çörək, kolbasa, souslar, konservlər, yarımfabrikatlar və hətta peçenyedən alırıq".
Kardioloqun sözlərinə görə, şəkər də ürək və damar sağlamlığı üçün bir o qədər təhlükəlidir. O, təkcə desertlərdə deyil, təhlükəsiz sayılan bir çox məhsulda da mövcuddur:
"Südlü kokteyllərdə, hazır səhər yeməklərində, meyvəli yoqurtlarda. Şəkərin həddindən artıq qəbulu maddələr mübadiləsini pozur, piylənməyə və ürək əzələsinin sıxılmasına səbəb olur, çünki tiamin çatışmazlığını təhrik edir".
Malay, həmçinin emal edilmiş ət məhsullarının: kolbasa, sosiska, yarımfabrikatların rasiona ehtiyatla daxil edilməsinə çağırıb. Onlar daim qəbul edildikdə ürək-damar sisteminə zərər verən konservantlar, dadartırıcılar və stabilizatorlardan ibarətdir.
Həkim əlavə edib ki, trans yağlar ürək sağlamlığı üçün zərərlidir. Onlar marqarində, fastfudda, şirniyyat məmulatlarında və müxtəlif qəlyanaltılarda mövcuddur.