Parlamentdə pensiyaya erkən çıxmaq məsələsi müzakirə olunub.
Liderxeber.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
“Təqaüdə erkən çıxmaq məsələsi aktualdır. 5 və daha çox uşağı olan ananın bu hüquqdan faydalanması ilə bağlı təklif vermək istəyirəm. İndi 5 uşağı olan anaların sayı çox azdır. Ona görə də 3 və daha çox uşağı olan analara şamil edilsə, daha yaxşı olar”, - deputat qeyd edib.
***
Əli Məsimli əlavə edib ki, pensiya sadəcə sosial-siyasi məsələ deyil: “İlk növbədə pensiya fondunun vəsaitlərinin artırılması istiqamətində olan real mənbələrdən istifadə edilməsinə daha geniş mənada baxılmasını vacib hesab edirəm.
Bu 5.1 milyon məşğul əhalinin yalnız 1,8 milyonu bilavasitə müqavilə ilə işləyir. Yerdə qalan 3.3 milyonun bir hissəsi aqrar sahədə vergidən azad olunub, amma qalan hissələrində bir balaca da fəaliyyət göstərsə, xeyli dərəcədə artımlara nail olub pensiya fonduna 100 milyonlarla əlavə vəsait cəlb edilməsinə nail ola bilərik”.