Вернуться назад Распечатать

"Azərbaycanın Zəfəri" peyki orbitə buraxıldı

Məktəblilərin hazırladıqları "Azərbaycanın Zəfəri" peykinin orbitə buraxılması ölkənin gələcəyinə edilən mühüm sərmayədir.

Liderxeber.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla Agentlik gələcəyin kosmik mütəxəssislərini yetişdirir:

"Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir". Sədr əvəzi əlavə edib ki, "Azərbaycanın Zəfəri" peykini 297 nömrəli məktəbin şagirdləri hazırlayıb: "Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir".

09:25

"Azərbaycanın tarixində ilk dəfə "Azərbaycanın Zəfəri" məktəbli peyki orbitə çıxarılıb".

Liderxeber.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, "Azərbaycanın Zəfəri" adlı peyki orbitə "SpaceX" şirkətinin "Falcon 9" raketi buraxıb.

"PocketQube" tipli, ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

"PocketQube" peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus "UniSat-5" platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən "WREN" (Almaniya), "T-LogoQube" (ABŞ) və "QBScout-1" (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.