Bir çox insan sağlam qalmaq və özünü gümrah hiss etmək üçün detoks proqramlarını zəruri hesab edir. Ancaq mütəxəssislər bu fikrin hər zaman doğru olmadığını vurğulayır.
Onların sözlərinə görə, insan orqanizmi zərərli maddələrdən təmizlənmək üçün kifayət qədər güclü və effektiv mexanizmlərə malikdir.
Liderxeber.az-ın məlumatına görə, detoksikasiya insan bədənində qaraciyər, böyrəklər, bağırsaqlar, ağciyərlər, dəri və immun sisteminin birgə fəaliyyəti nəticəsində təbii şəkildə baş verir.
Bu prosesdə əsas yük qaraciyərin üzərinə düşür. Qaraciyər zərərli maddələri əvvəlcə suda həll olunan formaya salır, daha sonra onları amin turşuları və qlütationla birləşdirərək, orqanizmdən təhlükəsiz şəkildə xaric olunmasına şərait yaradır. Bu maddələr böyrəklər, bağırsaqlar və dəri vasitəsilə bədəndən kənarlaşdırılır.
Orqanizmin özünütəmizləmə qabiliyyətini artırmaq üçün sərt detoks proqramlarına ehtiyac yoxdur. Bunun əvəzinə gündəlik həyat tərzində bir neçə sadə vərdişə əməl etmək kifayətdir.
Belə ki, süni qatqılar və konservantlarla zəngin qidaların istifadəsi minimuma endirilməli, qida rasionu lifli məhsullarla zənginləşdirilməlidir. Tərəvəzlər, meyvələr, dənli və paxlalı bitkilər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, su balansının qorunması da vacibdir.
Gün ərzində azı iki litr su içmək orqanizmin təbii təmizlənmə prosesinə müsbət təsir göstərir. Fiziki aktivlik, eləcə də, hamam və ya sauna kimi prosedurlar vasitəsilə tərləmənin təşviqi də bədənin toksinlərdən azad olunmasına kömək edə bilər.