Вернуться назад Распечатать

İşə gecikməyə görə maaşdan pul tutula bilər?

“Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin İnsan Resursları departamentinin rəhbəri Anar Abasəliyev işçilərin işə gecikməsi halları və bu kimi situasiyalarda tətbiq olunan yanaşmalar barədə Liderxeber.az-a fikirlərini bölüşüb.

– Bir çox şirkətlərdə işçilər işə gecikməyə görə cərimə edilir və bu məbləğ onların əməkhaqlarından tutulur. Məqsəd iş yerlərində əmək intizamını təmin etməkdir. Bəs işçinin əməkhaqqından bu cür tutulma qanunidirmi?

– Təcrübədə bəzi şirkətlər işçilərin işə gecikməsinin qarşısını almaq məqsədilə cərimə metodundan istifadə edirlər. Bu zaman gecikən işçinin əməkhaqqından gecikmə müddətinə uyğun müəyyən məbləğ tutulur. Lakin qeyd etməliyəm ki, işçinin əməkhaqqından bu formada cərimə tutulması qanunvericiliklə qadağandır.

Yalnız o halda əməkhaqqından tutulma mümkündür ki, işçi müəssisəyə birbaşa maddi ziyan vurmuş olsun. Təəssüf ki, bəzi hallarda işə gecikməyə görə maaşdan tutulma təcrübəsi ilə rastlaşırıq. Ən yaxşı halda iş vaxtının faktiki işlənmiş saatlara uyğun hesablanması tətbiq edilə bilər. Amma sırf gecikməyə görə cərimə tətbiq edib əməkhaqqından məbləğ çıxılması tamamilə qanunsuzdur.

– Bəs işçi işə gecikirsə, bu problemi necə həll etmək lazımdır?

– Bu kimi hallarda daha düzgün yanaşma intizam tədbirlərinin mərhələli şəkildə tətbiq olunmasıdır. İlk dəfə gecikmə baş verdikdə işçiyə şifahi və ya yazılı xəbərdarlıq edilir. Təkrar hallarda töhmət və ya şiddətli töhmət verilə bilər. Əgər bu hallar davamlı xarakter alarsa, artıq əmək münasibətlərinə xitam verilməsi məsələsinə baxıla bilər.

Bütün bunlar müəssisənin daxili nizam-intizam qaydalarına uyğun şəkildə tənzimlənir və işçi həmin qaydalara riayət etməyə borcludur. Ümumilikdə isə qeyd etmək istərdim ki, işçinin peşəkarlığı və təcrübəsi ilə yanaşı, onun intizamlı olması da iş mühitində uğurun əsas şərtlərindən biridir.