Bir çox insan yuxu gigiyenası ilə bağlı bütün tövsiyələrə əməl etsə də, yataqda səkkiz saat istirahət etdikdən sonra belə yorğun oyanır.
Liderxeber.az bildirir ki, psixoloq Xose Martin del Plieqo "Hola" nəşrinə müsahibəsində səhər yorğunluğunun çoxlarının bilmədiyi səbəbdən danışıb.
Xose Martin del Plieqonun sözlərinə görə, gecə yuxusundan sonra yorğun oyanmağın əsas səbəbi yuxu zamanı sinir sisteminin aktiv vəziyyətdə qalmasıdır. Mütəxəssis izah edib ki, insan daimi stres altında yaşayırsa və ya emosional problemlərini idarə edə bilmirsə, orqanizm hətta yataqda olarkən belə özünü təhlükəsizlikdə hiss etmir.
"Orqanizmimiz yüksək hazırlıq vəziyyətində qalır və tam istirahət etmir. Bizə elə gələ bilər ki, yatırıq, amma əslində beynimiz və bədənimiz daim ayıq və ehtiyatlı vəziyyətdə olur", - deyə o bildirib.
Psixoloq vurğulayıb ki, belə hallarda yuxu müddətini artırmaq və ya müxtəlif qida əlavələri qəbul etmək səhər yorğunluğunu aradan qaldırmayacaq. Onun sözlərinə görə, bu vəziyyətdə psixotəhsil metodlarından istifadə etmək, şəxsi sərhədləri qorumağı öyrənmək və lazım gəldikdə "yox" deməyi bacarmaq vacibdir. Çünki imtina edə bilməmək emosional tükənmənin ən geniş yayılmış səbəblərindən biridir.
Xose Martin del Plieqo əlavə edib ki, səhər yorğunluğunu azaltmaq üçün pozitiv insanlarla daha çox ünsiyyət qurmaq, təbiətdə vaxt keçirmək, mütəmadi fiziki aktivliklə məşğul olmaq və bir müddət həddindən artıq informasiya axınından uzaq qalmaq da faydalıdır.