Вернуться назад Распечатать

Azərbaycanın lider universitetlərinin siyahısı

2025-ci ildə dövlət sifarişi üzrə faktiki yerlərə qəbul faizi ən yüksək olan ali təhsil müəssisəsi Azərbaycan İlahiyyat İnstitutu olub.

Liderxeber.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 

Məlumata görə, institutda ayrılmış 77 dövlət sifarişli yerin hamısı dolub və qəbul faizi 100 faiz təşkil edib.

Eyni göstərici ilə Azərbaycan Dövlət Dəniz Akademiyası da bütün 252 dövlət sifarişli yeri dolduraraq 100 faizlik nəticə əldə edib.

Siyahıda növbəti yerləri Bakı Ali Neft Məktəbi (99,05 faiz), ADA Universiteti (98,58 faiz), Dövlət Gömrük Komitəsinin Akademiyası (97,14 faiz), Azərbaycan Tibb Universiteti (94,22 faiz) və Azərbaycan İdman Akademiyası (91,67 faiz) tutur.

Ən çox dövlət sifarişli yer isə Bakı Dövlət Universitetinə ayrılıb. Universitet üçün 5158 yer nəzərdə tutulsa da, onlardan 5082-si dolub. Faktiki yerlərə qəbul olunanların sayı 3781 nəfər, qəbul faizi isə 74,40 olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 3401 faktiki yerdən 2764-ü, Azərbaycan Dövlət İqtisad Universitetində isə 3744 faktiki yerdən 2817-si dolub. Bu ali məktəblərdə dövlət sifarişi üzrə qəbul faizi müvafiq olaraq 81,27 və 75,24 təşkil edib.