Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun ucqar kəndi olan Sahiloba kəndinin sakinləri ilə keçirib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Vətənə, xalqa sevgi ailədən başlayır” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, ailə cəmiyyətin təməlini təşkil edən əsas institutlardan biri olmaqla yanaşı, milli və mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Vətənə bağlılıq, xalqa sevgi, dövlətçilik ənənələrinə hörmət və milli dəyərlərə sədaqət ilk növbədə ailədə formalaşır. Uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların ölkənin tarixinə, mədəni irsinə və milli-mənəvi dəyərlərinə hörmətlə yanaşması ailədən başlayır. Bu baxımdan valideynlərin şəxsi nümunəsi və ailədə yaradılan sağlam mənəvi mühit xüsusi əhəmiyyət daşıyır. Ailədə Vətənə və xalqa sevgi hissinin aşılanması gənc nəslin məsuliyyətli, milli dəyərlərə bağlı və cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, ailə cəmiyyətin əsas dayağı, milli-mənəvi dəyərlərin qorunduğu və gələcək nəsillərə ötürüldüyü mühüm institutdur. Vətənə, xalqa, dövlətə və milli dəyərlərə sevgi də ilk növbədə ailədə formalaşır. Uşağın aldığı tərbiyə, valideynlərdən gördüyü nümunə və ailədə aşılanan mənəvi dəyərlər onun gələcəkdə vətəndaş mövqeyinin formalaşmasında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində ailə, milli-mənəvi dəyərlər, gənc nəslin tərbiyəsi və vətənpərvərlik xüsusi əhəmiyyət daşıyıb. Onun rəhbərliyi ilə formalaşdırılan milli dövlətçilik ideologiyası Azərbaycan xalqının tarix, dil, mədəniyyət və milli-mənəvi irsinə bağlılığının möhkəmləndirilməsinə xidmət edib.
RİH-nin başçısı bu siyasi və dövlətçilik xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini vurğulayıb. Dövlət başçısının fərman və sərəncamlarında ailə institutunun möhkəmləndirilməsi, uşaqların və gənclərin hüquqlarının və rifahının qorunması, sosial müdafiənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və vətəndaşların layiqli həyat şəraitinin təmin olunması istiqamətində mühüm tədbirlər öz əksini tapır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində insan amili, ailələrin sosial rifahı və gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişdirilməsi mühüm prioritetlərdən biridir. Bu siyasət ailənin cəmiyyətin təməl institutu kimi qorunmasına və onun inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlib.
RİH-in başçısı bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də ailə, uşaq, təhsil, səhiyyə, mədəniyyət və sosial rifah məsələlərinə xüsusi diqqəti ilə seçilir. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar və sosial layihələr insanların həyatına, xüsusilə uşaqların və həssas sosial qrupların qayğı ilə əhatə olunmasına mühüm töhfələr verir. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan cəmiyyətində mərhəmət, həmrəylik, humanizm və xeyirxahlıq kimi dəyərlərin təşviqinə xidmət edən nümunələrdən biridir. Bu yanaşma ailədə formalaşan mənəvi dəyərlərin cəmiyyətə və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Bu gün Azərbaycan ailəsi yalnız məişət və sosial münasibətlərin deyil, həm də milli kimliyin, dövlətçilik ənənələrinin və vətənpərvərlik hissinin qorunduğu mühüm mənəvi məkandır. Övladlarına Vətəni sevməyi, dövlətə və xalqa xidmət etməyi, tariximizə və mədəni irsimizə hörmətlə yanaşmağı aşılayan hər bir ailə Azərbaycanın gələcəyinə dəyərli töhfə verir.
Vətənə sevgi ailədə başlayır, məktəbdə möhkəmlənir, cəmiyyətdə öz ifadəsini tapır və dövlətə sədaqətli vətəndaş mövqeyində özünü göstərir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən elektrik təsərrüfatının yenilənməsi, kanalların lildən və kol-kosdan təmizlənməsi, kənddaxili yolların təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.