İngiltərə taxtının varislərinə telefon qadağası qoyuldu
Britaniya taxt-tacının varisi şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton uşaqlarının texnologiyadan istifadəsini məhdudlaşdırdıqlarını açıqlayıblar.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük xüsusilə böyük oğulları şahzadə Corcun mobil telefon sahibi olmasına hələ icazə vermədiklərini bildirib.
Şahzadə Uilyam bu qərarın bəzən ailə daxilində gərginliyə səbəb olduğunu etiraf edib.
“Sosial medianın uşaqlara təsiri narahatedicidir. Biz Corcu bu təsirlərdən qorumağa çalışırıq. Uşaqların internetdə görməməli olduqları çoxlu məlumatlara çıxışı var və bu, valideynlər üçün ciddi narahatlıq yaradır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Corc dostlarının telefonlarından istifadə etdiyini görəndə bəzən narazılıq göstərsə də, ailə onun “uşaqlığını mümkün qədər qorumağa” çalışır.
Keyt Middlton isə ailədə ekran qarşısında keçirdilən vaxtın məhdudlaşdırıldığını vurğulayıb:
“Biz uşaqlarımızın çöldə oynamasına, real həyatı tanımasına üstünlük veririk. Onların dünyanı yalnız ekran vasitəsilə deyil, əsl formasında kəşf etmələri bizim üçün çox vacibdir”.
