Dünyanın ən böyük nüvə stansiyası yenidən açılır - Fəlakətdən 14 il sonra
Fukuşima fəlakətindən 14 il sonra Yaponiya Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasını yenidən işə salmağa hazırlaşır. Hökumət bu həftə stansiyanın fəaliyyətinə icazə verəcək.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Niigata prefekturasının qubernatoru Hideyo Hanazumi qərarı cümə günü mətbuat konfransında açıqlayacaq.
Kompleksdə yeddi reaktordan yalnız biri ilkin mərhələdə fəaliyyətə başlayacaq.
2011-ci ildən sonra ölkədə 14 reaktor gücləndirilmiş təhlükəsizlik standartlarını keçərək, yenidən işə düşüb. Kaşivazaki-Kariva stansiyasının açılması isə Tokio Elektrik Enerji Şirkəti (Tepco) üçün 2011-ci ildən bəri ilk reaktor açılışı olacaq.
Yaponiya karbon neytrallığı hədəfinə çatmaq və qalıq yanacaqlara asılılığı azaltmaq üçün nüvə enerjisini strateji rol kimi görür.
Fukuşima AES-in sökülməsi isə hələ onilliklər çəkəcək; yüksək radiasiya səviyyəsi səbəbindən ərimiş yanacağın və digər tullantıların təmizlənməsi layihənin ən çətin mərhələsi hesab olunur.
