“Sanksiyalar ləğv olunmayacaq” - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaların ləğv olunmayacağını açıqlayıb.
Liderxeber.az xəbər verir ki, ABŞ lideri bu barədə “Fox News” radiostansiyasına müsahibəsində bildirib.
Trampın sözlərinə görə, o, Moskvanın enerji sektoruna tətbiq edilən məhdudiyyətləri yumşaltmaq niyyətində deyil:
“Mən sanksiyaların ləğvi ilə bağlı heç nə etməyə hazırlaşmıram. Rusiyanın neft şirkətlərinə qarşı yeni sanksiyalar yaxın vaxtlarda qüvvəyə minəcək və onların təsiri “son dərəcə güclü” olacaq. Bu sanksiyalar ticarəti çox çətinləşdirəcək”.
Xatırladaq ki, noyabrın 17-də Tramp Rusiya ilə biznes əlaqələrini davam etdirən ölkələrə qarşı “çox sərt” tədbirlərin tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə hazır olduğunu demişdi. Sənəd 500 faizə qədər gömrük rüsumlarının tətbiqini və siyahının İran kimi ölkələrlə genişləndirilməsini nəzərdə tutur. ABŞ administrasiyası bunun Moskva və onun xarici ticarət tərəfdaşlarına təzyiq vasitəsi olacağını bildirir.
Qeyd edək ki, bundan əvvəl Rusiyada Trampın sanksiya hədələrinə inanmağa dəymədiyi barədə açıqlamalar səsləndirilmişdi.
