ABŞ Ukrayna üzrə sülh planından bəzi hissələri çıxarıb: Trampdan açıqlama
Prezident Donald Tramp ABŞ-nin Rusiya-Ukrayna münaqişəsi üzrə sülh planından "nəyinsə çıxarıldığını" bildirib.
Bu barədə Liderxeber.az RBC-yə istinadən məlumat verir.
"Biz (sülh planından) bəzi şeyləri atdıq. Dörd və ya beş fərqli hissə var", - deyə Tramp bildirib.
O qeyd edib ki, sülh sazişini işləyib-hazırlamaq asan deyil, çünki "torpağı xüsusi şəkildə bölmək" tələb olunur. Tramp bu prosesi daşınmaz əmlakla bağlı mürəkkəb razılaşma ilə müqayisə edib.
ABŞ prezidenti vurğulayıb ki, sülh sazişinin bağlanması minlərlə qətlin qarşısını alacaq. O bildirib ki, ABŞ çox sayda insan həyatını xilas etmək istəyir. Tramp, həmçinin qeyd edib ki, ölkə müharibədə iştirak etmir, bunun əvəzinə ABŞ münaqişəyə son qoyulması üzrə danışıqlara cəlb olunub.
Bundan əlavə, ABŞ prezidenti bildirib ki, sülh sazişini bağlamaq üçün yaxşı şans olacağı təqdirdə, ABŞ dekabrın 13-də şənbə günü Avropa və Ukrayna nümayəndələri ilə danışıqlarda iştirak edəcək. Görüşün Parisdə keçiriləcəyi və ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın iştirak edəcəyi bildirilir.
Mənbələrin məlumatına görə, görüşdə ərazi məsələlərinin həlli üzrə "yeni ideyalar", Zaporojye Atom Elektrik Stansiyası və digər mübahisəli məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl ukraynalı danışıqçıların ifadə etdiyi mövqeyə görə, Rusiya "qarşılıqlı güzəştlərə" razılaşacağı təqdirdə Kiyev ərazilərdən imtina edə bilər. Açıq şəkildə Ukrayna hökuməti dəfələrlə ərazi güzəştlərinin mümkünlüyünü istisna edib.
