Almaniyada hərbi xidmətin yeni modeli təsdiq edildi
Bundesrat (federal ştatların nümayəndələr palatası) Bundestaqdan (parlament) sonra Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini təsdiqləyib.
Liderxeber.az DPA agentliyinə istinadən xəbər verir ki, qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Beləliklə, Almaniya Bundesverin (Almaniya Silahlı Qüvvələri) sayını kəskin şəkildə artırmaq üçün faktiki olaraq məcburi hərbi xidmətin bəzi elementlərinə qayıdır.
Dekabrın 5-də Bundestaq Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun qəbul edib. Ölkənin müdafiə naziri Boris Pistorius tərəfindən təklif edilən qanun layihəsi gənc kişilərin tibbi müayinədən keçməsi və hərbi qeydiyyatın bərpa olunmasıdır.
Potensial çağırışçılar fiziki və Almaniya Silahlı Qüvvələrinə qoşulmağa hazırlıqları barədə sorğu anketləri alacaqlar. Kişilər sualları mütləq cavablandırmalıdır, qadınların iştirakı isə könüllüdür. Almaniya Konstitusiyasında qadınlar üçün məcburi hərbi xidmət nəzərdə tutulmayıb.
Orduya qəbul qaydaları isə könüllü olacaq. Bununla belə, Bundesverin gücünü artırmaq üçün kifayət qədər yeni çağırışçı olmasa, orduya aparılanlar püşkatma yolu ilə seçiləcəklər. Bu prosesdə tibbi müayinədən keçən bütün kişilər iştirak edəcəklər.
Almaniya Müdafiə Nazirliyi 2035-ci ilə qədər Bundesverin sayını 183 mindən 260 minə çatdırmağı hədəfləyib. Ölkədə məcburi hərbi çağırış 2011-ci ilin iyul ayında ləğv edilib və bundan sonra peşəkar orduya keçid olub.
