ABŞ-dən İsveçrə bankına ağır zərbə: Rusiya və İranla gizli əməkdaşlıq üzə çıxdı
ABŞ Maliyyə Nazirliyi İsveçrənin "MBaer Merchant Bank AG" bankını Rusiya və İranla əlaqəli qeyri-qanuni subyektləri dəstəklədiyinə görə Birləşmiş Ştatların maliyyə sisteminə çıxışdan məhrum etməyi təklif edib.
Liderxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayılan bəyanatda bildirilib.
ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, bank həmin müştərilər üçün ABŞ maliyyə sistemi vasitəsilə 100 milyon dollardan artıq vəsait köçürüb. Nazirlik həmçinin ABŞ-nin Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinin məlumatlarına istinad edib.
Məlumata əsasən, "MBaer" və onun əməkdaşları pulların yuyulması və digər qanunsuz fəaliyyətlərdə, o cümlədən korrupsiya sxemlərində və İranla əlaqəli strukturların maraqları naminə "terrorizmin maliyyələşdirilməsi"ndə iştirak ediblər. Bu strukturlar arasında İslam İnqilabı Keşikçiləri Korpusu da qeyd olunur.
Nazirliyin versiyasına görə, bankın fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır və ölkənin maliyyə sisteminin bütövlüyünü sarsıdır.
