İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
İşlənmiş avtomobil alarkən ən geniş yayılmış risklərdən biri sənədlərdə qeydə alınmamış ciddi ban zədələridir.
Eyni zamanda maşının ideal görünüşü onun yol-nəqliyyat hadisəsinə düşmədiyinə zəmanət vermir.
Liderxeber.az xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiyanın "SberAvto" servisinin ekspertləri danışıblar.
Mütəxəssislərin sözlərinə görə, gizli təmirin açıq-aşkar əlamətlərindən biri avtomobilin ban elementləri arasında yaranan qeyri-bərabər aralıqlardır.
"Bütün qapılar, baqaj və kapot simmetrik yerləşdirilməli, hissələr arasında məsafə bərabər olmalıdır. Eni fərqlənən aralıqlar hissənin dəyişdirilməsinə və ya banın deformasiyasına işarə edə bilər.
Gizli təmir barədə həmçinin yenidən rəngləmə izləri xəbər verə bilər. Banın yalnız bir elementinin təzə görünməsi xüsusilə nəzərə çarpır. Bundan əlavə, qaynaq yerlərinin vəziyyətinə diqqət yetirmək vacibdir.
Maşının yol-nəqliyyat hadisəsində iştirakına dəlalət edən hallara da diqqət edilməlidir: məsələn, hərəkət zamanı avtomobil bir tərəfə əyilirsə və ya qapılar və baqaj yalnız güc tətbiq etməklə bağlanırsa, bu, problem əlaməti ola bilər.
Daha bir əlamət fərqli markalanmış şüşələrdir. Həmçinin avtomobil alarkən qapıların, kapotun və baqajın kənarları kimi banın daxili səthlərini yoxlamaq vacibdir. Qeyri-bərabərliklər, boya izləri, üstü rənglənmiş kipləşdiricilər və lakda tozun olması qismən yenidən rəngləməyə işarə edə bilər", - deyə mütəxəssislər bildiriblər.
