Kifayət qədər yatdığınız halda niyə yorğun olursunuz? - Səbəblər açıqlandı
Bir çox insan yorğunluğun yalnız yuxusuzluqdan qaynaqlandığını düşünür. Lakin bəzən 7-8 saatlıq yuxudan sonra belə, insan özünü halsız və yuxulu hiss edə bilər.
Liderxeber.az Aif.ru-ya istinadən xəbər verir ki, ABŞ-nin "Mayo" klinikasının araşdırmaları göstərir ki, davamlı gündüz yuxululuğu təkcə yuxu rejimi ilə bağlı deyil; bura həyat tərzi, stres və gizli tibbi problemlər də daxildir.
Həkimlərin fikrincə, yuxunun müddəti qədər onun keyfiyyəti də önəmlidir. Yorğunluğun əsas səbəbləri aşağıdakılardır:
- Yuxu apnoesi: Yuxu zamanı tənəffüsün qısamüddətli kəsilməsi vəziyyətidir. İnsan bunu hiss etməsə də, beyin daim "oyanır" və dərin yuxu fazasına keçə bilmir.
- Melatonin balanssızlığı: Yatmazdan əvvəl telefondan istifadə etmək və ya gecə saatlarında işləmək yuxu hormonu olan melatoninin istehsalını pozur.
- Qidalanma faktoru: Çox miqdarda şəkərli və karbohidratlı qidaların qəbulu qan şəkərinin qəfil yüksəlib-düşməsinə, bu da kəskin yorğunluğa səbəb olur.
- Oturaq həyat tərzi: Hərəkətsizlik enerji səviyyəsini aşağı salır. Araşdırmalar göstərir ki, yüngül idman hərəkətləri yuxu keyfiyyətini artırır.
- Vitamin çatışmazlığı: Xüsusilə dəmir, B və D vitaminlərinin əskikliyi hüceyrələrin enerji istehsalına mane olur.
Mütəxəssislər qeyd edirlər ki, orqanizmin daxili bioloji saatını (sirkad ritmlərini) qorumaq sağlam və gümrah qalmağın ən əsas şərtidir.
